Cəmiyyət

Zaqatalalı müəllim Təranə Cumayeva Təhsil Nazirliyinin “Məktəbli dron mühəndisləri” layihəsinin qalibi olub

Zaqatala rayonunda yerləşən M. Musayev adına Dağlı kənd tam orta məktəbinin müəllimi Cumayeva Təranə Abdulla qızı  Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin  fərdi kateqoriyası üzrə “Məktəbli dron mühəndisləri” layihəsi ilə qalibi olub. 

Layihənin məqsədi təhsilalanlara 21-ci əsr bacarıqlarını layihə əsaslı öyrənmə mühitində aşılamaqla müasir texnologiyalara yiyələnmək, təsilalanlarımıza istehsal təfəkkürünü aşılamaq, gənclərimizi istehlakdan istehsala yönləndirməklə  mühəndis-dizayn həllərinin prototipləşdirilməsi istiqamətində praktik biliklər qazandırmaq və bacarıqlar formalaşdırmaqdır.

Bundan başqa dron texnologiyası proqram təminatını öyrənməklə yanaşı praktik işlər həyata keçirmək də layihənin məqsədlərindəndir.

“İnteqrasiya əsasında öyrənən şagirdlərin uğurları elmləri ayrı-ayrılıqda öyrənən təhsilalanların səviyyəsindən yüksəkdir. Müasir dövr sərbəst həyata atılan gəncdən test həll etmək bacarığını yox, problem həll edə bilmək, öz alternativ həll yollarını təklif edə bilmək bacarığını tələb edir.

Bu isə gələcək peşə və ixtisas seçiminə düzgün yönlənmədə çox vacibdir. İnteqrativ təhsilinin əsasını  təhsilalanların yaşadıqları cəmiyyətin gerçək problemlərini həll edərək lazımi bilik, səriştə və bacarıqlara yiyələnməsi təşkil edir”-bunu Təranə Cumayeva layihə haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, inteqrativ  təhsilli təhsilalanlar erkən yaşdan başlayaraq məktəbdə yalnız gələcəkdə faydalı olacaq  bilik əldə etməyəcəklər, həm də artıq  məktəbli partasından dünyanı və cəmiyyəti başa düşmək, bu və ya digər problemin səbəbini tanımaq,  həll etmək yollarını necə axtarmağı öyrənəcəklər:

“Təhsildə inteqrativ yanaşmanın tətbiqi ona gətirir ki, təhsilalanlar düşünülmüş riskləri qəbul edir,  bu isə komanda işini qəbul etmələrinə və yaradıcı proses vasitəsi ilə işləmələrinə səbəb olur.   Müasir texnologiyalar, süni intelekt həyatımızın bir çox sahələrində-təhsildən müdafiə sənayemizə qədər sürətlə inkişaf etməkdədir.

Azərbaycan gəncliyi də bu prosesdə- 3D texnologiyası, dron texnologiyası, robototexnika, kodlaşdırmada yaxından iştirak edir. Dron texnologiyası günümüzdə o qədər inkişaf edib ki, biz onların uğurlu tətbiqinə, hətta hərbi meydanda da şahidi olduq. Hər birimiz bilirik ki, 44 günlük  müharibə vaxtı zəfər qazanmağımızda pilotsuz uçuş aparatlarının böyük rolu olmuşdur.

Ona görə də dron mühəndisliyini aktual hesab edirəm”.
T.Cumayeva bildirib ki, 3D çapı,dron texnologiyasının təhsilalanlar üçün müsbət üstünlükləri vardır:

“Təhsilalanların gələcək peşəkar inkişafı, onların həyat yollarını müəyyənləşdirmək istiqamətində kömək olacaq. Müasir texnologiyalara olan marağını daha da artıracaq. -Şagirdlər gələcəyi planlaşdıra biləcək və yaşadıqları dövrə uyğun ixtiralar etmək üçün istiqamətlənəcəklər. Öz bacarıqlarına uyğun olaraq, onlar  təhsil aldıqdan sonra inkişaf və tərəqqi istiqamətini, təkamül prinsiplərini və onun tempini müəyyənləşdirə biləcəklər.

Bölgələrdə 21-ci əsr bacarıqlarının: 3D çapı, dron texnologiyasının inkişafınin təmin etmək  üçün texniki bazanın, maddi vəsaitin olmaması şagirdlərin bu sahədə inkişafına mənfi təsir göstərir. Layihə şagirdlərə butun bunları əlçatan edəcək”.

T.Cumayeva qarşıya qoyulan vəzifələrdən də danışıb:

“Bölgələrdə 21-ci əsr bacarıqlarının: 3D çapı, dron texnologiyasının inkişafı məqsədilə Zaqatala rayon məktəbliləri arasından hədəf qrupu olacaq 15 nəfər təhsilalanın seçiləcək,  3D çapı, dron texnologiyasının təlimi üçün təlim materiallarının

hazırlanacaq,    3D çapı, dron texnologiyasının təlimlərinin təşkil ediləcək. Həmçinin layihəyə cəlb olunmuş təhsillanlar arasında həvəsləndirici müsabiqənin təşkil olunması nəzərdə tutulur”.

Qeyd edək ki, icrasına sentyabrın 15-dən başlanmış layihə 2022-ci ilin yanvarın 15-qədər davam edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button