Gündəm

Zamin Salayevin oğlu: ‘Atam aclığı dayandırıb’

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin Salayevin (Əlizamin Salayev)  dünən, avqustun 6-da axşam aclıq aksiyasını dayandırdığı bildirilir 

Bu barədə Azadlıq Radiosuna onun oğlu Oqtay Salayev məlumat verib. 

Onun sözlərinə görə,  həmin gün müəssisə rəhbərliyi fəalı dəvət edib və dinləyib. 

“Atamı əmin ediblər ki, onun səhhəti nəzarət altına alınıb və o, müəssisənin sanitar hissəsinə və Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüləcək. Bundan sonra atam aclığı dayandırıb”, – Oqtay  Salayev deyib. 

Gəncin sözlərinə görə, yaxın günlərdə vədlər yerinə yetirilməsə atası alcıqa aksiyasına yenidən başlayacaq. 

O, vurğulayıb ki, atası ürək ağrılarından əziyyət çəkir, qaraciyəri böyüyüb və istilər onun vəziyyətini daha da ağırlaşdırıb.

Bu deyyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Zamin Salayev zəng vuraraq avqustun 4-dən saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində quru aclıq aksiyasına başladığını açıqlamışdı. 

O, bildirirdi ki,  həm səhhətinə diqqətsizliyə, həm də cəzaçəkmə müəssisəsində dustaqlara qarşı qeyri-insani davranışa, ağır şəraitə etiraz olaraq quru aclıq aksiyasına başlayıb. 

Penitensiar Xidmətdən… 

 Onda Penitensiar Xidmətdən də Zamin Salayevin aclıq aksiyasına başlaması barədə məlumatlara münasibət bildirilmişdi. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov demişdi ki, bu barədə onlara yazılı müraciəti olmayıb.M.Sadıqovun  habelə qeyd etməsinə görə, Z.Salayevin səhhətində problem olarsa, cəzaçəkmə müəssisəsində həkim var. “Penitensiar sistemdə yüksək səviyyəli tibbi xidmət fəaliyyət göstərir”, – o vurğulamışdı. 

Xatırlatma 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının  fəalı Zamin  Salayev 2020-ci ildə 2 il 3 ay azadlıqdan məhrum olunub. Hökm aprelin 20-si Salyan Rayon Məhkəməsində çıxarılıb.Z.Salayev Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovun şikayəti əsasında həbs edilib. 

Bir müddət öncə Z.Salayev sosial şəbəkədə video yayaraq H.Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb. Bundan sonra H.Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Z.Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.Məhkəmə polis kapitanının şikayətini təmin edib.Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması ilə bağlı fikirləri qəbul etmirlər. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button