ManşetSiyasət

“Zəngəzur dəhlizi reallıqdır”- İlham Əliyev – yenilənib

“Azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq”.

Bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, qarşıda duran digər vəzifələr, ilk növbədə, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlıdır:

“Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Bu il bizim iqtisadi inkişafımız daha sürətlidir və ilin birinci rübündə iqtisadiyyat təxminən 7 faiz artıb, gəlirlərimiz də artıb. Ona görə mən hesab edirəm ki, təxirəsalınmaz işlərin görülməsi üçün biz əlavə vəsait ayırmalıyıq. Azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq. Hökumətə bu məsələ ilə bağlı göstəriş verildi. Yəqin ki, yaxın gələcəkdə biz bunu rəsmən təsdiqləyəcəyik ki, daha çox işi bu il görə bilək. Hələ, deməli, ilin 4 ayı keçib, görüləcək işlər çoxdur. Ona görə keçmiş məcburi köçkünlərin qaytarılması üzrə birinci layihə, qeyd etdiyim kimi, yaxın zamanlarda icra olunacaq. Digər layihələrə də mütləq başlamaq lazımdır”, – dövlət başçısı bildirib.

***

“Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Zəngilanda Vejnəli qızıl yatağını vəhşicəsinə istismar etmişdir. Oranı da ekoloji fəlakət zonasına çevirmişdir və qanunsuz olaraq orada çıxarılan qızıl xaricə aparılıb satılmışdır”.

Bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

“Biz indi bütün hüquqi prosedurlara start vermişik. Mən bu haqda Azərbaycan ictimaiyyətini məlumatlandırmışdım. Bir cinayət də cavabsız qalmayacaq. Birincisi, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir. Həmçinin Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər”, – dövlət başçısı bildirib.

***

“Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları – hərbçilər istifadə edirdilər”.

Bu fikirləri Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib:

“Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir. Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur”.

***

“Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf”.

Bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

“Eyni zamanda, hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu mən qeyd etmək istərdim. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Əminəm ki, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki biz Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır. Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq”, – dövlət başçısı bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button