Gündəm

Zəngəzur dəhlizi layihəsi üzrə zərərsizləşdirilən minaların sayı açıqlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Horadiz – Ağbənd avtomobil yolunun Cəbrayıl rayon ərazisindən keçən hissəsində partlayıcı qurğulardan təmizləmə işləri davam edir. Qeyd olunan avtomobil yolu Zəngəzur dəhlizi adlanan layihənin bir hissəsidir.

ANAMA-dan bildirilib ki, avtomobil yolu üzrə minatəmizləmə əməliyyatları ANAMA, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Bildirək ki, ANAMA tərəfindən icra edilən əməliyyatlar keçmiş təmas xətti boyu, yüksək çirklənmə müşahidə olunan ərazidə aparılır.

Horadiz – Ağbənd avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına Agentlik cari ilin 31 avqust tarixində başlayıb.

Sifarişə əsasən avtomobil yolunun 22-ci km-dən 36-cı km-dək olan hissəsinin, yəni 14 kilometrədək ərazinin təmizlənməsi nəzərdə tutulur. Onun 6 kilometri, və ya 190 ha ərazisi tam olaraq mina və PHS-lərdən təmizlənib.

Qeyd olunan ərazi üzrə ANAMA tərəfindən ümumən 752 ədəd mina və partlamamış hərbi sursat olmaqla, 396 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 331 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Müdafiə Nazirliyi tərəfindən qeyd olunmuş layihə üzrə minatəmizləmə əməliyyatlarına 2021-ci il 1 iyun tarixində başlanılıb və 558 ha ərazi təmizlənib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button