Mədəniyyət

“Zəfər sərgisi”nin açılış mərasimi keçirilib

Bu gün Muzey Mərkəzinin Sərgi qalereyasında “Zəfər sərgisi”nin təntənəli açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, incəsənət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Sevda Məmmədəliyeva iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, sənət adamlarının Zəfər salnaməsinin yazılmasına verdiyi töhfələr haqqında danışıb: “2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz düşmən üzərində şanlı qələbə qazandı. Allah şəhidlərimizə rəhmət eləsin. Biz onların əziz xatirəsini daim ehtiramla yad edirik. Qazilərimizə Allahdan şəfa diləyirik. Torpaqlarımızın azad edilməsi uğrunda apardığımız mübarizədə bütün xalqımız, o cümlədən sənət adamları da vardı. Onlar Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsinin yazılmasına öz fırçaları ilə töhfələrini verib. Bugünkü sərgidə Qarabağa həsr olunmuş 200-də çox əsər nümayiş olunur”.

Xalq rəssamı Fərhad Xəlilov sərgidə maraqlı əsərlərin olduğunu deyib. O, bu cür sərgilərin davamı olacağını bildirib: “Yaşadığımız günlər tarixi günləridir. Azərbaycan tarixində elə anlar yaşayırıq ki, bu, hər adama nəsib olmur. Şəxsən mən çox düşünürdüm ki, görəsən, bu günü görə biləcəmmi?”

O, Azərbaycan rəssamlarının daim ordu ilə olduğunu vurğulayıb: “Düşünürəm ki, bu işi təkcə rəssamlar yox, bütün xalqımız görüb. Bu əsl mənada Azərbaycan xalqının birliyinin göstəricidir. Azərbaycan xalqı dəmir yumruğa çevrilmişdi. Mən tam əminəm ki, bu sərgidə maraqlı əsərlər var”.

Sonra tədbir iştirakçıları nümayiş olunan əsərlərlə tanış olublar.

Qeyd edək ki, “Zəfər sərgisi” noyabr ayının 10-dək davam edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button