Cəmiyyət

Zəfər amnistiyasının şamil olunduğu şəxslərin sayı 10 mini keçib – Baş Prokurorluq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “8 noyabr – Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün icrası təmin edilməklə hazırkı dövrədək ümumilikdə 10943 nəfər barəsində amnistiya tətbiq edilib.

Bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, o cümlədən, 6049 şəxs barəsində müvafiq prokurorların razılığı ilə cəzaları icra edən qurumlar tərəfindən, 4053 nəfər barəsində prokurorların iştirakı ilə məhkəmələr tərəfindən, 119 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 722 nəfərə isə digər qurumlar tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilib, cəzaları azaldılıb.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

Proses 4 ay müddətində davam etdiriləcək. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button