Cəmiyyət

“Yeni Klinika”nın sabiq direktoruna hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika” Publik Hüquqi Şəxsin həbsdə olan sabiq direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Vüsalə Əliyeva son sözünü deyib. V.Əliyeva bildirib ki, iki övlad anasıdır və hazırda hamilədir. “Həyat yoldaşım təqaüdçüdür. Bu işlə bağlı Əvəz Hüseynov və Qalib Nəcəfov hər xəstəyə görə mənə faiz veriləcəyini dedi. Mən də imkanım olmadığı üçün buna razı oldum. Özümü qismən təqsirli bilirəm. Etdiyim əmələ görə məhkəmədən bir daha üzr istəyirəm. Xahiş edirəm, himayəmdə iki azyaşlı övladımın olmasını nəzərə alasınız”, – deyə təqsirləndirilən şəxs bildirib.

Daha sonra prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə sabiq direktor Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hökmə əsasən təqsirləndirilən Vüsalə Əliyevaya şərti cəza verilib, digər təqdirləndirilənlərin hər biri 8 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı P.Abbasovun 10 il, digər həbsdə olan təqsirləndirilən şəxslərin hər birinin 9 il, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Vüsalə Əliyevanın isə həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rəsmi ittihamda yazılır ki, həbs edilən şəxslər COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.

Həbs edilən şəxslərdən Qalib Nəcəfov “Buta” klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva “Avrasiya” klinikasında və “Viola” MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsində çalışıb. Samir Mirzəyev isə işsiz olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button