ManşetSiyasət

Yeni dövlət qurumları yaradıldı – yenilənib

Azərbaycan prezidenti İlham Əliyev Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. Fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılıb.

“Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Müəyyən edilib ki, Dövlət Dəniz və Liman Agentliyi Azərbaycan ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlər görən, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edən və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərən publik hüquqi şəxsdir.

Agentlik bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti, fəaliyyətindən əldə olunan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 4 (dörd) üzvdən – sədr və onun 3 (üç) müavinindən ibarət İdarə Heyəti yaradılır.

Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Prezidentinə:

– Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

– Agentliyin idarəetmə orqanlarının yaradılması;

– Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

– Agentliyin yenidən təşkili və ləğvi;

Nazirliyə:

– bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Azərbaycan Nazirlər Kabineti:

– Agentliyin yaradılması, habelə dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə əlaqədar təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan qurumların balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

– Agentliyin 2021-ci ildə saxlanılması xərclərinin bu Fərmanın 1-ci hissəsində göstərilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görsün;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Nazirlik:

– Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

Azərbaycan Prezidenti İlham Əliyev Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb.

Fond Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.

Müəyyən edilib ki, Fond iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən publik hüquqi şəxsdir.

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 9 (doqquz) üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Müşahidə Şurasının 5 (beş) üzvünü Nazirlik, 4 (dörd) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:

– Mərkəzi Bankı, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Turizm Agentliyi

Müşahidə Şurasının sədri Azərbaycanın iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Fondun fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin üzvlərini, o cümlədən sədrini Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Prezidentinə:

– Fondun nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

– Fondun idarəetmə orqanlarının yaradılması;

– Fondun yenidən təşkili və ləğvi;

Nazirliyə:

– bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Nazirlər Kabineti:

– üç ay müddətində:

– Nazirliyin təklifləri əsasında Fondun yaradılması ilə əlaqədar, habelə ləğvetmə prosesində olan müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlərin geri qaytarılması, mövcud kreditlərin sağlamlaşdırılması və yenidən dövriyyəyə daxil edilməsi, eləcə də qeyri-işlək (toksik) aktivlərin idarəolunması məsələlərinin tənzimlənməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– Fondun nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

– Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etsin;

– Azərbaycan Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Prezidentə məlumat versin;

– mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, habelə normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Prezidentinə məlumat versin;

– Fond “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin balansında olan dövlət əmlakının Fondun balansına verilməsi ilə bağlı tədbirlər görsün;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Aidiyyəti dövlət orqanları bu Fərmanın 3.3-cü bəndinə əsasən Fondun Müşahidə Şurası üzvlərinin təyin olunmasını bir ay müddətində təmin etməlidirlər.

Mərkəzi Banka tövsiyə edilib ki, bu Fərmanın 3.3-cü bəndinə əsasən Fondun Müşahidə Şurası üzvünün təyin olunmasını bir ay müddətində təmin etsin.

Fond “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətini davam etdirməlidirlər.

Nazirlik:

– Fondun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

– dövlət qeydiyyatına alındığı gündən Fondun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini bir ay müddətində həll etsin;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılıb.

Həmçinin Avtomobil nəqliyyatı sahəsində sərnişin və yük daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və innovativ həllərin tətbiqinin genişləndirilməsinə xidmət edən, eləcə də avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən “AYNA” informasiya sistemi yaradılıb.

Müəyyən edilib ki, Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir.

– bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir;

– Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir;

Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 4 (dörd) üzvdən – sədr və onun 3 (üç) müavinindən ibarət İdarə Heyəti yaradılır.

Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Prezidentinə:

– Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

– Agentliyin idarəetmə orqanlarının yaradılması;

– Agentliyin yenidən təşkili və ləğvi;

Nazirliyə:

– bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– Agentliyin nizamnaməsinin layihəsini və nizamnamə fondunun miqdarı barədə təkliflərini, habelə “AYNA” informasiya sisteminin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– Agentliyin yaradılması, habelə avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsi sahəsində tənzimləmənin təkmilləşdirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– Agentliyin 2021-ci ildə saxlanılması xərclərinin bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görsün;

– Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

– Agentliyin maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Agentliyin maddi-texniki təminat məsələlərini həll etsin;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Nazirlik:

– Azərbaycan Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq “AYNA” informasiya sisteminin yaradılmasını təmin etsin və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görsün;

– Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Sumqayıt Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər İcra Hakimiyyəti bu Fərmandan irəli gələn zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.

Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, bu Fərmanın 1-ci hissəsində göstərilən qurumlar öz fəaliyyətini davam etdirməlidirlər.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinintabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:

– İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi;

– Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi.

Müəyyən edilib ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi informasiya kommunikasiya texnologiyaları və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir;

– İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini (o cümlədən nəzarət və tənzimləməni) təmin edən, yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirən, fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onlara maliyyə dəstəyi verən və innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir;

– İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu Fərmanın 2.2-ci bəndində göstərilən qurumların hüquqi varisidir, həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir;

– bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır;

– bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin İdarə Heyətinin sədrini və müavinlərini Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir;

– bu Fərmanın 5.7-ci bəndi nəzərə alınmaqla, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir;

– İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

Bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Prezidentinə:

– nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

– idarəetmə orqanlarının yaradılması;

– yenidən təşkili və ləğvi;

Nazirliyə:

– bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Nazirlər Kabineti:

– bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrinin layihəsini və nizamnamə fondunun miqdarı barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin yaradılması, habelə rəqəmsallaşma, innovasiyalar, yüksək texnologiyalar və rabitə sahələrinin inkişafı ilə əlaqədar normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– dövlət informasiya ehtiyatlarının və sistemlərinin bu Fərmanın 5.3-cü bəndində nəzərdə tutulan Nümunəvi Əsasnaməyə uyğunlaşdırılması məqsədilə altı ay müddətində zəruri tədbirlər görsün;

– Nazirliyin təklifləri nəzərə alınmaqla, sabit genişzolaqlı şəbəkədən istifadə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakının Azərbaycan Respublikasının regionları üzrə genişləndirilməsi və istehlakçıların genişzolaqlı internetlə təmin olunması istiqamətində zəruri tədbirlər görsün;

– İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 2.2-ci bəndində göstərilən qurumların balansında olan əmlakın Agentliyin balansına verilməsi üçün tədbirlər görsün;

– İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin 2021-ci ildə saxlanılması xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə bağlı tədbirlər görsün;

– İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2021-ci ildə saxlanılması xərclərinin bu Fərmanın 2.2-ci bəndində göstərilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görsün;

– dövlət qeydiyyatına alındığı gündən bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin maddi-texniki təminat məsələlərini bir ay müddətində həll etsin;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Nazirlik:

– bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, bu Fərmanın 2.2-ci bəndində göstərilən qurumlar öz fəaliyyətini davam etdirməlidirlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button