Mədəniyyət

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında gənc rəssamların “Postponed” qrup sərgisini təqdim edir

YARAT Müasir İncəsənət Məkanı, ARTIM Layihə Məkanında gənc rəssamlar Nərgiz Abdullayeva, Ağababa Bağırov, Leyli Əhmədova, Əli Yusibov, Müşfiq Heydərov, Novruz Məmmədov və Sabit Zamanovun əsərlərindən ibarət “Postponed” (“Təxirə salınıb”) qrup sərgisini təqdim edir.

Trend-in məlumatına görə, sərginin açılışı fevralın 25-də İçərişəhərdə, ARTIM Layihə Məkanında (Kiçik Qala küçəsi, 5) baş tutub və aprelin 10-dək davam edəcək.

“Postponed” qrup sərgisi, ertələmə və gecikmənin təməl anlayışlarını öz “xam” formasında təqdim edir və bu ideyanın daha metafizik dərinliyinə qərq etməyə çağırır. Düşünməyə təşviq edən “Postponed” sərgisi, rəssamların müxtəlif prizmasından şərh olunur və təxirə salınmış arzu və istəklərin, niyyət və məqsədlərin mahiyyətini araşdırır. Sürətli yaşamaq tərzinə vərdiş etdiyimiz reallıqda nəyisə təxirə salınmasının hətta düşüncəsi belə bizə dəhşətli gələ bilər. Müasir insanın gündəlik həyatı vaxt ilə çərçivələnmiş hadisələr, dedlaynlar, nəzarəti və proqnozlaşdırılmağı tələb edən vəziyyətlərlə doludur. Lakin həyatın dəyişkən olduğunu nəzərə alsaq, bəzən işləri kontrol etmək alınmır, niyyətlər puça çıxır və gözləntilər əvvəlcə nəzərdə tutulduğu kimi özünü doğrultmayır. Xaos nəzəriyyəsindəki “kəpənək effekti” kimi, ertələmə də hadisələrin gedişatını dəyişə, habelə ilkin vəziyyətin metamorfozuna səbəb olmaqla, nəticədə böyük fərqlərə gətirib çıxarda bilər.

Sərgi “möhlət” kontekstini yeniləyərək, həyatda, istər şəxsi, istərsə də ictimai gecikmələrin nəticələrini yenidən nəzərdən keçirməyi təklif edir. Ekspozisiya, rəssamların bir çox mümkün hekayələr üçün başlanğıc nöqtəsi kimi təklif etmək istədiyi “ertələnmiş fəaliyyət” kontekstində şəxsi yetkinlik və yanaşmaları ilə səsləşir.

Müşfiq Heydərov (d.1989, Quba) 2007-2013-cü illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 2017-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını heykəltəraşlıq üzrə bitirib. Həmçinin, qrafika və instalyasiya kimi texnikalarla da işləyir. Rəssam, “Küknar” Beynəlxalq İncəsənət Festivalı (Heydər Əliyev Mərkəzi, 2014), “World Art Games” (Montenegro, 2014), “Art energy-20” (Azərbaycan Milli İncəsənət Muzeyi, 2014) “Futurismo” (Landmark, Bakı, 2016) kimi bir sıra simpozium və sərgilərin iştirakçısıdır.

Nərgiz Abdullayeva (d.2000, Bakı) 2021-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını “Kitab tərtibatı və illüstrasiya” ixtisası üzrə bitirib. Hal-hazırda, “həndpouk” üslubunda tatu sənəti ilə maraqlanır və oyun dizaynı ilə məşğul olur.

Əli Yusibov (d.1998, Gəncə) Azərbaycan Dövlət Neft və Sənaye Universitetini 2020-ci ildə bitirib. 2019-cu ildən kollaj texnikası ilə məşğul olmağa başlayıb. Əsərlərini, adətən şəxsi gündəlik kimi şərh edir və yaradıcılığında öz hisslərindən bəhs edir. Hal-hazırda qrafik dizayner kimi fəaliyyət göstərir.

Ağababa Bağırov (d.1997, Bakı) Bakıda yaşayıb-yaradan çağdaş sənətçidir. O, Bakı Dövlət Universitetini “Kompüter elmləri” ixtisası üzrə bitirib. Öz yaradıcılıq təcrübəsində, Ağababa əsasən videooyunlar, rəqəmsal sənət, VR/AR, 3D modelləşdirməyə üstünlük verir. Müasir incəsənətlə məşğul olaraq, o, insan, təbiət və texnologiya arasında qarşılıqlı əlaqələr qurur. Ağababa Bağırovun əsərləri “Dumanlar başımda dastana döndü” qrup sərgisi (YARAT Mərkəzi, Bərdə, Gəncə və Xaçmaz Dövlət Qalereyaları, 2020-2021); YARAT Studios (2019-2020); Virtual ARTIM (2020) nümayiş olunub. O, 2020-ci ildə ARTIM Lab layihəsinin qalibi seçilmişdir.

Novruz Məmmədov (d.1986, Salyan) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsinin məzunudur. Novruz rəngkarlıq, qrafika, instalyasiya və heykəltəraşlıq sahələrində fəaliyyət göstərir. Rəssam, “Disfoniya” qrup sərgisi (ARTIM Layihə Məkanı, 2017); “Rahat keyləşmə” qrup sərgisi (ARTIM Layihə Məkanı, 2016); “Together We Are” səyyar sərgisi (Paris, Fransa; Davos, İsveçrə; Budapeşt, Macarıstan; Roma, İtaliya; Ankara, Türkiyə, 2015); “Səməni” Beynəlxalq İncəsənət Müsabiqəsi (Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan, 2014), Alüminium IV Beynəlxalq Müasir İncəsənət Biennalesi (Bakı, Azərbaycan, 2012), Çankırı Daş Heykəl Simpoziumu (Çankırı, Türkiyə, 2011) və s. yerli və beynəlxalq tədbirlərdə iştirak etmişdir. 2012-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Sabit Zamanov (d.1986, Qusar) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” ixtisasını magistr dərəcəsi ilə bitirmişdir. Hal-hazırda peşəkar heykəltəraş kimi fəaliyyət göstərir. O, “Reduce, Reuse, Recycle” (Bakı, Azərbaycan, 2021); “Kombinat Urban Art Show” (“To Be a Woman” festivalı, Bakı, 2019); “Make the Earth Smile Again” (Bakı, Azərbaycan, 2019); “Səməni” Beynəlxalq İncəsənət Müsabiqəsi (Heydər Əliyev Mərkəzi, 2018); “Disfoniya” (ARTIM Layihə Məkanı, Bakı, 2017) kimi bir sıra sərgi və tədbirlərin iştirakçısıdır.

Leyli Əhmədova (d.1994, Bakı) 2009-2012-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 2016-cı ildə isə Istituto Europeo di Design Universitetini moda dizaynı üzrə bakalavr dərəcəsi ilə bitirib. Rəssam müxtəlif media vasitələrini təcrübədən keçirməklə incəsənətin nə olduğunu və necə işlədiyini göstərməyə çalışır. Onun üçün incəsənət, əslində, bütün fəaliyyətlərinə enerji verən birləşdirici bağdır. Leyli Əhmədova 2017-2019-cu illərdə “Kauseffekt” moda brendinin bədii direktoru olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button