Mədəniyyət

YARAT “Günəş şəhəri”ni təqdim edib

YARAT Müasir İncəsənət Məkanı gənc rəssamlar Erkin Ələkbərli, Mehrin Əlili, Ramina Boçarova, Rəsul Quliyev, Şəlalə Salamzadə və İsmayıl Səfərəlinin işlərinin nümayiş etdirildiyi “Günəş şəhəri” sərgisini təqdim edib.

Sərgi YARAT Müasir İncəsənət Məkanının 10 illiyinə həsr olunur. “Günəş şəhəri” qrup sərgisi ümid anlayışını öz prizmalarından kəşf edən gənc rəssamların video-art va heykəltəraşlıq əsərlərini bir araya gətirir.

Sərginin kuratorlarında biri Zəhra Məmmədova Trend-ə bildirib ki, müəlliflər öz baxışlarını müxtəlif variasiyalarda təqdim edib: “Sərgi üzərində altı müəllif işləyib və onlar ümid konsepsiyasını araşdırıb. Fikrimizcə, hazırda ümid hissini hər kəs yaşayır. Bu hissi nə müsbət, nə də mənfiyə aid etmək olmur. Müəlliflər ümidə baxışı müxtəlif variasiyalarda təqdim ediblər”.

Sərginin iştirakçısı Mehrin Əlili öz kompozisiyasında şəhər həyatı ilə kənd həyatı arasında paralellər aparır. O, şəhərlərə köçən insanların nələrdən məhrum olduğunu göstərmək istədiyini bildirib.

Ramina Boçarova sərgidə yeddi heykəldən ibarət olan “Axtarış” adlı işini təqdim edib.

Şəlalə Salamzadənin “Distopiya” adlı videolayihəsi isə xüsusiilə bu sərgi üçün ərsəyə gətirilib. Üçdəqiqəlik video qədim Azərbaycan mifologioyasına əsaslanır.

Qeyd edək ki, “Günəş şəhəri” qrup sərgisi, öz ilham mənbəyini italyan filosofu Tommazo Kampanellanın eyni adlı kitabından götürüb. Utopik əsər, Xristofor Kolumb ilə səyahətə çıxan bir genuyalı dənizçinin insanların gender, sosial status, din va digər faktorlardan asılı olmayaraq harmoniya içində yaşadığı adaya düşmasindan bəhs edir.

Sərgi, daha yaxşı hayat üçün ümid və bundan yaranan qeyri-müəyyənliklər arasında qalan insanların hekayələrini ortaya qoyur. Eyni zamanda sərgi, insan köçünün daima tarixlə sosial və mədəni tellərinin olduğunu nəzərə alaraq, ümid və mobilliyin əlaqəsini irəli sürür. Bəşəriyyət hər zaman onları, xüsusi məkana bağlayan va məxsusluq hissi yaradan bütün xatirələri geridə qoyaraq, onları bir yerdən başqa yerə aparan amillərin axtarışındadır. Coğrafi sərhədlərin dəyişkən təbiəti dünya əhalisinin həyatına təsir göstərir və evsizlik, köçkünlük, həm də keçmişə və ümidli gələcəyə əbədi həsrət kimi vəziyyətlərin yaranmasına gətirib çıxarır.

Hətta, coğrafi kəşflər dövründə Kolumb, Hind okeanına dəniz yolunu kəşf etmək ümidi ilə dəniz səfərləri həyata keçirmiş, lakin sonradan təbii sərvətlər, yeni torpaqlar va nəhayət, kolonizasiya səbəbi ilə millətlər arasında döyüş meydanına çevrilən yeni qitəyə çata bilmişdi. Bu hadisə eyni zamanda yunan mifologiyasındakı “Pandoranın qutusu” əfsanəsini xatırladır.

Sərgi ARTIM Layihə Məkanında (İçərişəhər, Kiçik Qala küçəsi 5) keçirilir və 2002-ci il yanvarın 14-ə kimi davam edəcək. Sərgiyə yalnız COVID-pasprt təqdim etməklə giriş mümkündür.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button