Mədəniyyət

XII Qəbələ Musiqi Festivalının ilk konserti və təntənəli açılış mərasimi olub

Bakı. Trend:
Qəbələ şəhərində Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və “Gilan Holdinq”in dəstəyi ilə XII Qəbələ Musiqi Festivalının ilk konserti və təntənəli açılış mərasimi olub.
Trend-in məlumatına görə, iyulun 31-də başlayan festivalı avqustun 4-dək davam edəcək.
Builki festival əlamətdar hadisəyə – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub. Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biridir.
Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunacaq.
İyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Pianoçular Leyla Zeynalova, Atabala Manafzadə, Cəmil Sədizadə, Rəşid Behbudov, Jalə Mayılova, Səbinə Muradova, Gülər Ağayeva və Fəqan Həsənlinin, violin ifaçıları Osman Mustafazadə, Zərrin Əliyeva və Aysel Abdullayevanın, violençel ifaçısı Orxan Hüseynovun, həmçinin viola, fleyta, klarnet və truba ifaçılarının, vokalçılar Nigar Əsgərova və Sübhan Rüstəmovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertdə S.Raxmaninov, H.Venyavski, A.Messager, A.Skryabin, A.Piazzolla, F.Şopen, D.Şostakoviç, həmçinin Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Fikrət Əmirov və Müslüm Maqomayevin əsərləri səsləndirilib.
Gənc musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
X X X
Sonra “Qafqaz Resort” otelində açıq səhnədə XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Məktubda deyilir:
“Hörmətli festival iştirakçıları!
Xanımlar və cənablar!
Sizi – XII Qəbələ Musiqi Festivalının bütün iştirakçılarını və qonaqlarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə ən xoş arzularımı çatdırıram.

2009-cu ildən etibarən ənənəvi olaraq təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfəsini verən musiqi bayramı kimi ölkəmizin hüdudlarından kənarda da şöhrət qazanmışdır.
Bütün dünyanın mübarizə apardığı koronavirus pandemiyası səbəbi ilə festivalın təşkil olunmadığı 2020-ci il xalqımızın yaddaşına və tarixinə 44 günlük Vətən müharibəsi və Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə əbədi həkk olundu. 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqları azad olundu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi!
Qarabağın tacı olan Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ilin may ayında “Xarıbülbül” musiqi festivalı bərpa olundu. Əfsanəvi Cıdır düzündə Azərbaycan musiqisini dinləmək arzusunda olan sənətsevərlərin uzunillik həsrətinə son qoyuldu.
Əziz dostlar!
Qloballaşan dünyada müxtəlif sivilizasiyalar və xalqlar arasında mədəniyyətlərarası dialoqun qurulması və inkişafı dövrümüzün ən vacib tələblərindən biridir. Beynəlxalq aləmdə mövcud olan problemlərin, münaqişələrin həll edilməsində, ayrı-ayrı xalqlar arasında qarşılıqlı hörmətin təşviqində dialoq ən gözəl vasitədir. Əsrlər boyu mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan da tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Bu baxımdan, artıq illərdir ki, təşkil olunan Qəbələ Musiqi Festivalının rolunu yüksək qiymətləndirirəm.
Builki festival müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı olan Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf edir. Milli musiqi sənətimizi bütün dünyada uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının yetirmələridir. Təsadüfi deyil ki, XII Qəbələ Musiqi Festivalının iştirakçıları da, əsasən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin öyrənilməsinə xidmət edən Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti və onun məzunlarıdır.
Mən festivalın bütün iştirakçılarına uğurlar arzu edirəm! Əminəm ki, tamaşaçılara maraqlı və rəngarəng musiqi proqramı təqdim olunacaq, XII Qəbələ Musiqi Festivalı hər zaman olduğu kimi qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır”.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın, mədəniyyət naziri Anar Kərimovun iştirak etdikləri açılış mərasimində çıxış edən təhsil naziri Emin Əmrullayev deyib:
– Builki festival mahiyyət etibarilə bir qədər fərqli, eyni zamanda, tarixi bir hadisəyə təsadüf edir. Belə ki, Bakı Musiqi Akademiyasının 100 illik yubileyini məhz bu il qeyd edirik. Bakı Musiqi Akademiyası sıradan bir ali təhsil müəssisəsi deyil, özünün 100 illik fəaliyyəti dövründə Azərbaycanın və dünyanın bir sıra aparıcı musiqiçilərini, sənət adamlarını yetişdirib. Eyni zamanda, düşünürəm ki, Bakı Musiqi Akademiyası hər bir azərbaycanlının dəyər sistemində, kimliyində çox önəmli və vacib bir yer tutan ali təhsil müəssisəsidir. Bu, iki mənada önəmlidir. Birincisi, məhz bu təhsil, elm, musiqi ocağı Azərbaycan musiqisinin sistemləşdirilmiş və nəsildən-nəslə keçəcək bir irs formalaşdırılmasında xüsusi əhəmiyyəti olan bir təhsil müəssisəsidir. Eyni zamanda, bu təhsil ocağı dünya musiqisinə və dünya mədəniyyətinə Azərbaycanın inteqrasiya olunması baxımından da özünəməxsus bir ali təhsil müəssisəsidir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor, Qəbələ Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın əlamətdar hadisəyə – Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunduğunu vurğulayaraq, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu bildirib. O, Qəbələ Musiqi Festivalına uğurlar arzulayıb.
Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin bədii rəhbəri və baş hərbi dirijoru Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadədir.
Konsertin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni və Ü.Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra” səsləndirilib.
Orkestrin rəisi Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadənin və hərbi dirijor baş leytenant Elnur Qurbanovun dirijorluğu ilə keçirilən konsertdə Aynur İsgəndərli (vokal), Arslan Növrəsli (tar), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button