Mədəniyyət

Xalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub

Birinci Fəxri xiyabanda Azərbaycan Yazıçılar Birliyinin mərhum birinci katibi, Xalq şairi Fikrət Qocanın qəbirüstü abidəsinin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, açılış mərasimi Xalq şairinin vəfatının ildönümündə baş tutub.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, şair və yazıçılar, Xalq şairinin ailə üzvləri iştirak ediblər.

Xalq şairi Fikrət Qocanın qızı Gülay Qocayeva “Report”a açıqlamasında atası ilə bağlı xatirələrini bölüşüb.

O, Xalq şairinin ailəsi adından abidənin hazırlanması üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etdiklərini qeyd edərək onlara təşəkkürünü bildirib.

Abidənin müəllifi, Xalq rəssamı Natiq Əliyev “Report”a açıqlamasında bildirib ki, heykəl bürüncdəndir: “Oturduğu daş isə qaya parçasındandır”.

Müəllifin sözlərinə görə, abidənin memarı Şamil Buksayevdir: “Ailəsinə bir neçə model təqdim etdim, onlar da mənim seçimim ilə razılaşdılar. Təxminən, bir il müddətinə hazırlandı”.

Qeyd edək ki, Xalq şairi Fikrət Qoca ötən ilin mayın 5-də uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, onun əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktoru idi. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi idi.

1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, – qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə 1968-ci ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə “Humay” mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button