İqtisadiyyat

Xəzər rayonunda dörd küçənin təmiri başa çatıb

Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ərazi üzrə kompleks tədbirlərin icrası davam etdirilir.
AAYDA-dan “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılmasına hesablanmış Sərəncam çərçivəsində cari ildə Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16,3 km olan küçə və yolların təmiri və tikintisi aparılır.
Məlumata əsasən, söhbət Binə qəsəbəsi üzrə ümumi uzunluğu 7,6 km olan 5 küçə və yol, Buzovna qəsəbəsi üzrə 1,2 km-lik 1 küçə, Qala qəsəbəsi üzrə isə ümumi uzunluğu 7,5 km olan üç yoldan gedir.
Artıq Binə qəsəbəsi üzrə də cari ilin “İnvestisiya Proqramı”nda nəzərdə tutulan küçə və yolların yenidən qurulması istiqamətində işlərin böyük bir hissəsi yerinə yetirilib.
Belə ki, qəsəbənin ümumi uzunluğu 7 km olan Nəsimi və Nizami Abbasov küçələrində, həmçinin Bolluq massivi, Cəfər Cabbarlı və Bünyadzadə küçələrində təmir işləri yekunlaşıb. Hazırda Binə qəsəbəsi üzrə uzunluğu 600 metr təşkil edən “Köhnə yarmarka” yolunun təmiri işləri aparılır.
Xəzər rayonu üzrə Buzovna qəsəbəsində təmir işləri Xəzər küçəsində də davam etdirilir. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 1200 metr, eni isə ortalama 6 metr təşkil edir.
Rayonun Qala qəsəbəsi üzrə isə ümumi uzunluğu 7.5 km olan 3 yolda rahat gediş-gəlişin təmin olunması istiqamətində agentlik tərəfindən aparılan təmir işləri yekunlaşmaq üzrədir.
Aparılan yenidənqurma işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınır. Görülən işlərin ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsasının inşası aparılır. Yol əsası hazır olan hissələrə isə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlər icra olunur.
Təmir işlərinin sonuncu mərhələsində yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Xəzər rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Xəzər rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 100 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.
Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xəzər rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button