Ekspert rəyi

Vüsalə Hüseynli: “Gender bərabərliyi, məişət zorakılığı ilə bağlı qanunlara yenidən baxılmalıdır”

Azərbaycan bəzi sferalarda (təhsil və savadlılıq səviyyəsi) gender bərabərliyinə yaxın bir vəziyyəti nümayiş etdirir, lakin ümumilikdə qadınların səlahiyyətləndirilməsi, xüsusilə qadınların ictimai və siyasi sferalarda və qərarvermədə iştirakı baxımından aydın qeyri-bərabərsizlik göstərir. “Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli müsahibədə bu mövzu ilə əlaqədar aktual məsələlər müzakirə edilib. 

-Vüsalə xanım, qadınların səlahiyyətləndirilməsi ilə bağlı araşdırma aparırsınız. Nələri üzə çıxarmsınız? Qadınlar cəmiyyətdə ictimai iştirakçılığı nə dərəcədədir?

-Dünyada qadınların ictimai iştirakçılığı, səlahiyyətlndirilməsi məsələsinin zaman-zaman beynəlxalq hesabatlarda qabardıldğını görürük.

Bu gün dünyanın 27.3 faizində qadın səlahiyyətləndirilməsi mövcuddur. Azərbaycan da dünyanın bir parçasıdır və əhalisinin 50.1 faizini qadın təşkil edir. Lakin qadın səlahiyyətləndirilməsi ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil.

Statistikaya nəzər salsaq görərik ki, ölkənin 46.3 faiz qadını məşğul qadın sayılsa da, onların təmsilçiliyinə diqqət etdikdə müəyyən mənzərənin şahidi oluruq. Məsələn, 2020-ci ildə parlamentə 22 qadın seçildi. Bunun da 16 nəfəri ilk dəfə mandat alırdı. Seçilən 22 qadından 13-ü hakim partiyanın namizədi, 9-u isə bitərəf namizəd idi.

Bundan əlavə, biz ölkənin ümumi səlahiyyətli insanlarına baxsaq görərik qadınların sayı çox azdır. Son 3 ilin uğrularından biri budur ki, ölkənin Birinci vitse-prezident və spikeri qadındır.Amma ümumilikdə götürəndə görürük ki, bu gün Azərbaycanda qadın nazir, qadın icra başçısı yoxdur. Deyirlər ki, qadınlar əsasən təhsil və səhiyyə sahələrində cəmləşib. Əgər bu belədirsə, nə üçün ali məktəblərin rəhbərləri arasında yalnız bir qadın var? Deməli, qadınlar gəliri az olan işlərdə çalışırlar. Təhsil sahəsində qadınlar ən yaxşı halda məktəb diektoru səviyyəsində təmsil olunur. Yəni, söhbət yuxarı vəziflərdən gedir.

-Sizcə, bunun səbəbləri nədir?

-Maneələr çoxdur. Məsələn, apardığımaraşdırmada əsas hədəflərdən biri bu idi ki, nə üçün Azərbaycanda siyasi partiya rəhbəri arasında qadın demək olar ki, yoxdur. Bir Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətdir, bir də Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının qızı Əsli Kazımlı.

Amma burda söhbət təbii proseslə siyasətdə partiya sədri səviyyəsinə yetişməkdən gedir. Necə ki, biz bu prosesi qardaş Türkiyədə görürük.

Bir çox insanlar hansısa qadının mandat qazanmasını əsas gətirərək onun artıq siyasətdə olduğunu deyirlər. Xeyr, mandat qazanmaq hələ siyasətdə olmaq anlamına gəlmir. Çünki mandat daşıyan xanımlar var ki, onlar yalnız seçicinin istəyinə görə, seçicinin tələblərini parlamentdə səsləndirmək üçün oradadır.

Bu gün baxsaq görərik ki, Prezident Adminstrasiyasında yalnız bir qadın təmsil olunur. Nazirlər Kabineti ümumiyyətlə kişilər klubudur.

Bu təkcə dövlət qurmularına aid deyil. Bankların, iri şirkətlərin rəhbərləri arasında da qadın yoxdur. Hətta ictimai şuraların sədrləri araısnda cəmi 3 qadın var.

Bələdiyyələrdə də vəziyyət belədir.

-Bu, mental düşüncədən irəli gəlir, yoxsa başqa səbəblər var?

-Əlbəttə, bu məsələdə mental dəyərlərin də rolu var. Biz bunu xüsusilə, regionlarda qabarıq şəkildə görürük. Bundan başqa, ailə amili də var. Yəni, ailəli qadınlar bu və ya digər səbəblərdən ictimai iştirakçılığa həvəs göstərmir. Araşdırma apardığımız zaman qadınların siyasətdə iştirakçılığı ilə bağlı sorğu keçirmişdik. Əksəriyyətin cavabı belə olmuşdu ki, perspektivi olmayan fəaliyyətlə məşğul olmaq istəmirik.

-Vüsalə xanım, qadınların iştirakçılığıının qanunlarla tənizmlənməsinə necə baxırsız? Bir çox ölkələrdə kvota var…

– Şəxsən mən kvotanın əelyhinəyəm. Çünki bu halda biz yararsız kadrların axınının şahidi olacağıq. Lənkəran və Səbaelin icra başçılarının müavinlərinin timsalında bunu görmüşük. Kvota bu cür kadrların axınına şərait yaradacaq. Hətta mən deyərdim ki, layiq olanlar qalacaq bir kənarda, layiq olmayanlar vəzifə tutacaq.

Hesab edirəm ki,bəzi qanunlara, xüsusilə,  gender bərabərliyi, məişət zorakılığı ilə bağlı qanunlara yenidən baxılmalıdır. Çünki dövr dəyişib. Dövr dəyişdikcə dəyişikliklərə uyğun qanunlar qəbul edilməlidir.

Baxın, bu gün hakim partiyanın Siyasi Şurasında 86 nəfərdən yalnız 12-si qadındır. İdarə Heyətində isə cəmi 3 qadın təmsil olunur. Həl mən digər partiyaları demirəm. Yeni yaranan Yüksəliş Partiyasında vəziyyət bir qədər fərqlidir. Onların bu məsələdə yanaşması çox yaxşıdır. Amma ümumilikdə götürdükdə vəziyyət ürəkaçan deyil.

-Səlahiyyətli şəxslər və qurumlar qadınların səlahiyyətləndirilməsi ilə bağlı mövcud çətinlikləri obyektiv analiz edə bilirmi?

-Biz düşünürük ki, səlahiyyətli qurumlar gender hesabatları hazırlamalıdır. İstər yerli icra hakimiyyətləri, istərsə də mərkəzi icra qurumları hər il gender hesabatları hazırlmalıdır. Bu hesabatlar gender siyasəti ilə bağlı mənzərəni çılpaqlığı ilə ortaya qoyacaq. Bu halda biz vəziyyətin nə yerdə olduğunu, hansı addımlara zərurət yarandığını biləcəyik.

Bilirsiniz, qadınların səlahiyyətləndirilməsi kimisə hansısa məktəbdən gətirib icra başçısının müavini təyin etmək şəklində olmamalıdır. Biz bunun uğursuzluqla nəticələndiyini gördük. Fikrimcə, bu vəzifələrə hazır, yetişmiş kadrlar təyin olunmalıdır. İdarəetməyə bələd olmayan tutaq ki, musiqi müəlliminin faəliyyəti əlbəttə ki. uğurlu olmayacaq. Əvvəllər qadın liderlərin yetişdirilməsi iləbağlı məktəblər var idi. Hesab edirəm ki, bu tip təsisatlara zərurət var.

Bu müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Güzəran”  Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “KİV-də “Açıq hökumət” islahatları” layihəs çərçivəsində hazırlanıb və dərc edilib.

İstiqlal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button