Dünya

Vətəndaşlarını Ukraynanı tərk etməyə çağıran ölkələrin sayı artır

Xorvatiya öz vətəndaşlarına gərginliyin artması ilə əlaqədar Ukraynanı tərk etməyi tövsiyə edib

Xorvatiyanın xarici və Avropa işləri nazirinin sözlərinə görə, hazırda Ukraynada 100 nəfərdən çox xorvat var. Xarici İşlər Nazirliyi bu ölkə ətrafında artan gərginlik səbəbindən ölkə vətəndaşlarına Ukrayna ərazisini tərk etməyi məsləhət görüb.

“Xorvatiya vətəndaşlarından (ölkənin-red) Kiyevdəki səfirliyi ilə əlaqə saxlamaları xahiş olunub, həmçinin onlara müvəqqəti olaraq Ukraynanı tərk etmək tövsiyə edilib”, – Respublikanın xarici və Avropa işləri naziri Qordan Radman jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, hazırda Ukraynada 114 Xorvatiya vətəndaşı var. “Kiyevdə 50, (ölkənin) qərbində 25, şərqdə isə 25 Xorvatiya vətəndaşı var. ATƏT-in missiyasında 14 vətəndaşımız da var, ona görə də 114 nəfər (Ukraynadakı Xorvatiya vətəndaşları), bu dəqiq rəqəmdir”, – Radman qeyd edib.

Xorvatiya Xarici İşlər Nazirliyinin rəhbəri onu da vurğulayıb ki, Ukrayna ətrafında vəziyyətin gözlənilməz olaraq qalmasına baxmayaraq, hələlik ölkənin Kiyevdəki səfirliyinin bağlanmasına ehtiyac yoxdur.

Öz növbəsində Litvanın Xarici İşlər Nazirliyi də ölkə vətəndaşlarına müraciət edərək Ukrayna ərazisini tərk etməyə çağırıb.

“Ukrayna ilə hava nəqliyyatına müdaxilə ehtimalını və hava nəqliyyatının bu ölkə ilə əsas əlaqə vasitəsi olduğunu nəzərə alaraq, Litva vətəndaşlarına dərhal oranı tərk etməyi tövsiyə edirik”, – XİN-in saytında yerləşdirilən bəyanatda deyilir.

Nazirlik Ukraynada qalmağa davam edən Litva vətəndaşlarından zəruri hallarda konsulluq və digər yardım almaq üçün dərhal konsulluğun internet saytında qeydiyyatdan keçmələrini xahiş edib. “Litvanın Ukraynadakı diplomatik nümayəndəlikləri adi həcmdə bütün xidmətləri göstərməyə davam edir”, – məlumatda deyilir.

Serbiyanın Xarici İşlər Nazirliyi də respublika vətəndaşlarına Ukrayna ərazisini tərk etmək imkanlarını nəzərdən keçirməyi tövsiyə edib. Bu barədə Xarici İşlər Nazirliyinin bazar günü dərc olunan bəyanatında bildirilib.

“Xarici İşlər Nazirliyi hazırda Ukraynada olan Serbiya vətəndaşlarına bu ölkənin ərazisini vaxtından əvvəl tərk etmək barədə düşünməyi tövsiyə edir. Biz həmçinin Ukraynaya səyahət etməyi planlaşdıran Serbiya Respublikasının vətəndaşlarına səfərlərini təxirə salmağı düşünmələrini tövsiyə edirik”, – bəyanatda vurğulanıb.

Macarıstan da vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi çağırıb. “Macarıstan öz vətəndaşlarını Ukraynaya səfərlərinin zəruriliyini qiymətləndirməyə və mümkünsə onları təxirə salmağa çağırır”, – Macarıstanın Konsulluq Xidmətinin xəbərində qeyd olunur.

Qeyd edək ki, ötən gün Avropa və digər qitə ölkələrinin vətəndaşlarını Ukraynanı tərk etməyə çağıran dövlətlərinin sayının 35-ə çatdığı bildirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button