Gündəm

Ukraynadan Moldovaya gələn Azərbaycan vətəndaşları Buxarestdən Bakıya yola salınacaq

“Dünən gecədən səhərə kimi Ukraynadan Moldovaya 100 nəfərdən çox Azərbaycan vətəndaşı gəlib”.

Bunu APA-ya açıqlamasında Azərbaycanınn Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.

Q. Osmanov deyib ki, Azərbaycan vətəndaşları Ukraynadan Moldovaya iki sərhəd-keçid məntəqəsindən keçirlər: “Ukrayna və Moldova arasında sərhəd-keçid məntəqələri çoxdur. Ancaq Moldova hökuməti Ukraynadan hazırda qaçqınları qəbul etmək üçün iki sərhəd-keçid məntəqəsi müəyyənləşdirib. Bunlar Palanka və Oxnitsa sərhəd-keçid məntəqələridir. Digər məntəqələrdən də insanlar keçə bilər, amma Moldova hökuməti bu sərhəd-keçid məntəqələrində asanlaşdırılmış şərait yaradıb ki, Ukraynadan gələnlər ölkəyə qəbul olunsun. Bu sərhəd-keçid məntəqələrinin hər birində səfirliyimizin iki əməkdaşı var. Onların telefon nömrələri səfirliyin saytında, sosial şəbəkələrində də, eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyinin KİV-ə göndərilən məlumatında da var. Səfirliyin həmin əməkdaşları həm telefon nömrələrinə cavab verir, həm də sərhəd-keçid məntəqəsində kimlərin sənəd və digər məsələlərlə bağlı problemləri varsa, onlara yardım edirlər. Eyni zamanda səfirliyin 24 saat fəaliyyət göstərən qaynar xətti var, səfirliyin əməkdaşı zənglərə cavab verir”.

Səfir qeyd edib ki, hər 1 saatdan bir səfirlik tərəfindən Azərbaycan XİN-ə bu barədə məlumatı təqdim olunur: “Azərbaycan XİN tapşırdı ki, biz Rumıniya səfirliyi ilə görüşək ki, Moldovanın hava məkanı bağlı olduğu üçün vətəndaşlarımızı Rumıniyaya keçirək və Buxarestdən hava yolu ilə Bakıya gəlsinlər. Təşkil edirik ki, avtobusla Buxarestə getsinlər. Həmin Azərbaycan vətəndaşlarından hansıların pulları var, təyyarə bileti alırlar, biz onlara viza alırıq. Vətəndaşlarımıza tranzit vizası alınır. Rumıniyada tranzit vizasının qiyməti 80 avrodur. Təyyarə bileti də təqribən 300 avrodur. Moldovaya gələn və maddi imkanı olmayan vətəndaşlarımıza da bununla bağlı bacardığımız qədər kömək edirik. O cümlədən, kimisə burada azərbaycanlıların evlərinə yerləşdiririk. Bununla bağlı iş adamlarından da xahiş edirik. Diaspor təşkilatımız da bu işlə məşğuldur, bizə yardım edirlər. Yeri gəlmişkən, bu gün buradan yola saldığımız vətəndaşlarımızın bir qrupunu konsulumuz qəbul edəcək. Bir əməkdaşımız Buxarestdə konsulluqda vətəndaşlarımıza yardım edir.”.

Q. Osmanov Buxarestdən Bakıya birbaşa təyyarə reysinin olmadığını da nəzərə çatdırıb: “Tranzit təyyarə reysləri ilə vətəndaşlarımızın Azərbaycana yola salınması ilə məşğuluq”.

Qeyd edək ki, Q. Osmanov bu günlərdə Azərbaycanda səfərdə olan Moldova parlamentinin sədrini müşayiət edib. Səfir Moldova nümayəndə heyəti ilə birlikdə xüsusi reyslə Rumıniyaya, oradan isə Moldovaya gəlib: “Mən dünən saat 5.00-dən iş başındayam. Çünki Azərbaycan XİN tapşırdı ki, təcili bu işləri tənzimləyək”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button