Siyasət

“Ukraynadakı Azərbaycan vətəndaşları quru yolla Moldovaya keçə bilərlər” – XIN

Xarici İşlər Nazirliyi Ukraynada yaranmış vəziyyətlə əlaqədar bu ölkə ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan  vətəndaşlarına bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir. Bu bardə XİN məlumat yayıb. 

“Ukraynanın hava məkanı bağlı olduğundan hazırda vətəndaşlarımız həmin ölkəni hava nəqliyyatı vasitəsilə tərk edə bilmir. Bu xüsusda bildiririk ki, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Moldova Respublikasının ərazisinə keçə bilər. Moldova tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan vətəndaşlarından COVİD-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb etməyəcək.

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi ilə +373 781 81 361, +373 789 91 849, +373 222 32 277 nömrələri ilə və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcəkdir”, – müraciətdə deyilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button