Siyasət

Türkiyə XİN başçısının müavini: “3+3″ formatı üzrə danışıqlar böyük əhəmiyyət daşıyır”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə Ankarada “Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin yenidən qurulmasının 30-cu ildönümü” adlı konfrans keçirilib.

Konfransda açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Cənubi Qafqazda yeni reallıq formalaşıb və bu, Azərbaycan və Türkiyənin işbirliyi nəticəsində baş verib.

Onun sözlərinə görə, Azərbaycanın 2020-ci ildə əldə etdiyi zəfər Türkiyənin dəstəyi ilə baş verib: “Şuşa bəyannaməsi iki ölkə arasında yeni əlaqələrin başlanğıcıdır. Bu sənədin məhz Şuşada qəbul olunması simvolik məna daşıyır”.

F.Şəfiyev regionda gedən proseslər, o cümlədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından və bu fonda Ermənistan-Azərbaycan əlaqələrindən də danışıb və bildirib ki, Ermənistan qarşısında qoyulan şərtlər tək Azərbaycan deyil, bütün bölgənin təhlükəsizlik məsələsidir. F.Şəfiyev bildirib ki, Türkiyə və Azərbaycanın xarici siyasətindəki həfədlər eynidir və bu hədəflər bölgəyə sülh gətirmək və iqtisadi inkişafa nail olmaq məqsədini daşıyır.

Daha sonra çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov əlaqələrin 30 illik tarixinin şərəfli tarix olduğunu deyib. Onun sözlərinə görə, Türkiyə ən çətin günlərində Azərbaycanın yanında olub. Səfir bildirib ki, bu müddətdə Azərbaycan və Türkiyə çiyin-çiyinə dayanaraq çağırışlara birgə cavab verib və regionun inkişafı üçün birgə iqtisadi layihələrə imza atıb. Bu mənada iki qardaş ölkə Avropa və Asiyaya yeni perspektivlər açıb və öz müstəqilliklərini möhkəmləndirib.

Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran çıxışı zamanı TBMM Xarici Əlaqələr Komissiyasında Şuşa bəyannaməsinin müzakirə olunduğunu və bütün siyasi partiyaların buna dəstək verdiyini bildirib. Nazir müavini deyib ki, Türkiyə və Azərbaycan arasında 300 ikili razılaşmalar mövcuddur və Şuşa Bəyannaməsi bunların arasında ən üst səviyyədə dayanır.

Onun sözlərinə görə, Qarabağ zəfəri bölgədə yeni fürsətlər pəncərəsi açıb və Y.S.Kıran bu baxımdan “3+3” formatı üzrə danışıqların böyük əhəmiyyətini qeyd edib.

SETA-nın Xarici Siyasət Araşdırmaları şöbəsinin müdiri Murad Yerlitaş Türkiyə-Azərbaycan əlaqələrinin müstəsna xarakter daşıdığını deyib və Qarabağ zəfərindən sonra əlaqələrin tam və ayrılmaz bir strateji bütünlüyə çevrildiyini bildirib.

Sonra “Türkiyə-Azərbaycan əlaqələrinin siyasi və hərbi səviyyəsi” və “Enerji. Nəqliyyat və İqtisadi əlaqələr” adlı panel müzakirələri baş tutub. Müzakirələrdə BMTM-in şöbə müdiri Cavid Vəliyev çıxış edib. Çıxışlar zamanı enerji layihələri, Azərbaycan-Türkiyə əməkdaşlığının Avropa enerji təhlkəsizliyində rolu, əməkdaşlıq üçün yeni imkanlar müzakirə edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button