İdman

Türkiyə millisi ev oyununda Norveçdən minimal xal qoparıb

DÇ-2022-nin seçmə qrup mərhələsinin VII turuna start verilib.
Apasport.az saytının məlumatına görə, G qrupunda yer alan Türkiyə yığması növbəti matçına çıxıb.
“Ay-ulduzlular” “Şükrü Saraçoğlu” stadionunda əsas rəqiblərindən olan Norveçi qəbul edib. Bu, qardaş ölkə yığmasının yeni baş məşqçi Stefan Kuntzun rəhbərliyi altında ilk görüşü olub. Səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edən türkiyəlilər ev matçına erkən qolla başlayıb. Kerem Aktürkoğlu 6-cı dəqiqədə hesabı açsa da, Kristian Torstvedt 41-ci dəqiqədə status-kvonu bərpa edib.
İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq, hesabı dəyişmək mümkün olmayıb – 1:1. Beləliklə, Kuntz Türkiyə yığmasında “sülh”lə başlayıb.
Qrupun digər matçlarında Monteneqro səfərdə Cəbəllütariqi 3:0, Niderland isə Latviyanı 1:0 hesabı ilə məğlub edib. 7 turdan sonra Niderland 16 xalla qrupa başçılıq edir. Norveç 14 xalla ikinci, Türkiyə 12 xalla üçüncü pillədə qərarlaşıb. Dördüncü sıradakı Monteneqronun aktivində isə 11 xal var.
Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 11-də keçiriləcək. Həmin gün Türkiyə Latviyanın qonağı olacaqsa, Niderland Cəbəllütariqi, Norveç isə Monteneqronu qəbul edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button