İqtisadiyyat

TRACECA-nın beynəlxalq ticarətdə rolu arta bilər

Qarabağ münaqişəsinin həll olunması TRACECA-nın (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi – red.) beynəlxalq ticarətdə rolunun artmasına şərait yarada bilər.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Sofiyada (Bolqarısan) video-konfrans formatında keçirilən TRACECA Hökumətlərarası Komissiyasının 15-ci iclasında çıxış edərkən bildirib.
Nazirin sözlərinə görə, hazırda azad olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun yaradılması işləri həyata keçirilir, yolların qurulması və aeroportların tikintisi aparılır. Tikilən üç aeroportdan biri (Füzuli Beynəlxalq Aeroportu) artıq istifadəyə verilib.
Tədbir zamanı TRACECA Hökumətlərarası Komissiyasında sədrlik Azərbaycandan Bolqarıstan Respublikasına keçib.
İclasın gündəliyi çərçivəsində daşıma sənədlərinin rəqəmsallaşdırılması, multimodal daşımaların inkişafı, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, o cümlədən buraxılış məntəqələrində elektron növbələrin tətbiqi ilə bağlı məsələlərin müzakirəsi aparılıb.
İclas çərçivəsində bir sıra sənəd layihəsi və TRACECA üzrə digər aktual məsələlər müzakirə edilib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29 865,6 min ton, yük dövriyyəsi isə 6 972,3 mln. ton-km olub ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23% və 15,5% azalma müşahidə olunub. Yüklərin 16 621,7 min tonu və ya 55,7% avtomobil nəqliyyatı, 9 532,7 min tonu və ya 31,9% dəmir yolu nəqliyyatı, 3 711,2 min tonu və ya 12,4% dəniz nəqliyyatı ilə daşınıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button