İdman

Tokio-2020: Azərbaycan karateçisi ikinci olub

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti  medalını qazanıb.
Apasport.az saytının məlumatına görə, millimizin aktivinə karateçi İrina Zaretska gümüş medal yazdırıb.
+61 kq çəki dərəcəsində qrupu birinci pillədə bitirən qadın idmançımız yarımfinal səddini də keçməsinə baxmayaraq, finalda məğlub olub. 
Zaretska bununla Azərbaycan yığmasının heyətində gümüş mükafata yiyələnən 3-cü idmançı olub. Ona qədər digər karateçi Rafael Ağayev (75 kq) və sərbəst güləşçi Hacı Əliyev (65 kq) eyni əyarlı medal qazanıb. Cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və sərbəst güləşçi Mariya Stadnik (50 kq) bürünc əldə edib.Karate7 avqustQadınlar, +61 kqA qrupunda yer alan Avropa və dünya çempionu İrina Zaretska ilk olaraq Yaponiya təmsilçisi Ayumi Ueska ilə qarşılaşıb. Karateçimiz qarşılaşmanı 4:1 hesabı ilə aktivinə yazıb. O, ikinci görüşündə Silvia Semeraroya (İtaliya) da gücünü göstərib, Karateçimiz bu dəfə 3:2 hesabı ilə qalib gəlib. 
Zaretska üçüncü qarşılaşmasında məğlubiyyətə üzülüb. O, Sofiya Berultsevaya (Qazaxıstan) 4:5 hesabı ilə uduzub. Təmsilçimiz son döyüşündə isə Meltem Hocaoğluya qalib gəlib. Türkiyə idmançısını 4:0 hesabı ilə məğlub edən İrina qrupu 6 xalla birinci pillədə başa vurub.
Ən azı bürünc medalı özü üçün təmin edən 25 yaşlı karateçi yarımfinala yüksəlib. O, finala gedən yolda digər qrupun ikincisi olan çinli Li Qonqla üz-üzə gəlib. Təmsilçimiz bu dəfə də qələbə qazanmaqda çətinlik çəkməyib – 7:2. Zaretska finalda misirli Feryal Abdelazizlə qarşılaşıb. O, uğurlu seriyanı davam etdirə bilməyib və 0:2 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib. 
Qeyd edək ki, karate millimiz yarışa üç idmançı ilə qatılıb. Firdovsi Fərzəliyev (67 kq) qrupda qalıbsa, Rafael Ağayev (75 kq) gümüş medal qazanıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button