Dünya

Tbilisidə Borçalı xalçaları nümayiş etdirilib, ustad dərsi keçirilib

Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Borçalı xalçaları sərgilənib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, YUNESKO-nun “Kreativ sənayelərin inkişafı” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Borçalı xalçasının toxunması ilə bağlı ustad dərsi də keçirilib.
Tetritsakro rayonundan olan xalçaçı Nabat Anazarova xalçaların toxunması üsullarını nümayiş etdirib, Borçalı xalçaçılıq sənətinin fərqli xüsusiyyətləri və naxışlarının mənası barədə məlumat verib.
O bildirib ki, bu xalçalar zərifliyi və yalnız təbii boyalarla rənglənmiş yun saplardan toxunması ilə seçilir.
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva iştirakçılara Azərbaycan xalçaçılığının xüsusiyyətləri, onun əsas qolu olan Borçalı məktəbinə məxsus xalçaların özəllikləri və azərbaycanlıların məişətində xalça və xalça məmulatlarına olan münasibət barədə danışıb.
Tədbirdə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin Yaradıcılıq prosesinin təşviqi Departamentinin rəhbəri İrine Saqanelidze də iştirak edib.
O juralistlərə deyib ki, Azərbaycan xalçaları çoxmədəniyyətli Gürcüstanın mühüm hissələrindən biridir: “Gürcüstanda Borçalı xalçaçılığı kimi unikal ənənə var. Bu ənənə bu günədək mədəni irs nümunəsi kimi qorunub saxlanılır və inkişaf etdirilir. Layihənin təşkilatçılarından olan Tbilisi Dövlət İncəsənət Akademiyasının tələbələri üçün bu ənənə ilə tanışlıq çox maraqlıdır”.
Akademiyanın dekanı, professor Tinatin Kldiaşvili YUNESKO-nun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin Gürcüstanın müxtəlif regionlarını əhatə etdiyini deyib: “Azərbaycan xalçalarına yer verilməsi layihəyə dəyər qatdı. Bizim üçün azərbaycanlıların əsrlər boyu yaratdığı mədəniyyət nümunələri böyük əhəmiyyət kəsb edir. Layihə gürcü və Azərbaycan xalqları arasında mədəni əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcək”.
Professor Azərbaycan xalçalarını unikal adlandrıb: “Azərbaycanda dəfələrlə olmuşam və unikal xalçalara böyük zövqlə baxmışam. Xalça Azərbaycan milli mədəniyyətində layiqli yer tutur”.
Ustad dərsinə qatılan Almaniyanın Halle şəhərinin İncəsənət və Dizayn Universitetinin tələbəsi Marieke Şvartz də təəssüratlarını bölüşüb: “Bu, Azərbaycan xalçaları ilə ilk tanışlığımdır. Borçalı xalçalarının rənglərini olduqca bəyəndim, necə toxunduğunu müşahidə etmək çox maraqlı oldu. Həqiqətən də heyrətamizdir. Əvvəllər belə gözəl xalçalar görməmişəm”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button