İqtisadiyyat

TAP İtaliyanın qaz tələbatının 12%-ni ödəyəcək

Azərbaycan qazını Avropaya çatdıran Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə qısamüddətli perspektivdə İtaliyanın qaza olan tələbatının təxminən 12%-ni ödəyə biləcək.

APA-Economics”in İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə TAP-ın icraçı direktoru Luka Şipati (Luca Schieppati) bildirib.

Onun sözlərinə görə, bu, qaz kəmərinin mövcud gücündən (illik 10 mlrd. kubmetr – red.) istifadə etməklə mümkün olacaq.

L. Şipati onu da qeyd edib ki, gələcəkdə TAP-ın illik gücünün 20 mlrd. kubmetrədək genişləndirilməsi nəzərdə tutulub.

TAP konsorsiumu daha öncə xəbər verib ki, ötən il kəmər vasitəsi ilə 8,1 mlrd. kubmetr qaz nəql edilib, bunun 6,8 mlrd. kubmetrindən çoxu İtaliyaya tədarük edilib.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button