Cəmiyyət

Tələbələrin bitməyən problemi: yataqxanalarda vəziyyət necədir?

Yeni tədris ilinin başlanması ilə regionlardan paytaxta üz tutan tələbələr kirayə mənzil problemi yaşayırlar. Kirayə mənzil bazarında birdən-birə kəllə-çarxa çıxan qiymətlər, qiymətə uyğun olmayan şəraitli mənzillər əksər tələbələri dilxor edir. Belə olan zaman ali təhsil müəssisələrinin bazasında olan tələbə yataqxanaları çıxış yolu sayıla bilər. Bəs həmin yataqxanalarda vəziyyət necədir və tələbə qəbul etmək üçün lazımi şərait yaradılıbmı? “Report”un əməkdaşı bununla bağlı bir neçə universitetlə əlaqə saxlayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov bildirib ki, ali təhsil müəssisələrinin yataqxanası 180 nəfərlikdir: “Otaqlar geniş və iki nəfərlikdir. Ödəniş 70 manatdır. Yataqxananın tam şəraiti var. Ötən illərdə əsaslı təmir olunub. Sadəcə, yataqxanada xanım tələbələr yerləşdirilir”.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov yataqxanaya əsasən ali məktəbin tələbələrinin qəbul olunduğunu söyləyib: “Yataqxananın 252 tələbə qəbul etmək imkanı var. Tədris başlayanda qəbul edilən tələbələr mütləq vaksinin hər iki dozasını vurdurmuş şəxslər olacaq. Yataqxananın şəraiti tam təmirlidir. Otaqların hər birinin içində hamam-tualet, hər mərtəbədə ümumi mətbəx də var. Yataqxananın aylıq ödənişi bu il üçün əmr verilməsə də, amma ötən il bir tələbənin aylıq yataqxana pulu 40 manat olub. Yataqxanaya ancaq rayon qeydiyyatlı şəxslər qəbul edilir, ilk olaraq imtiyazlı tələbələr yerləşdirilir. Valideynini itirmiş, şəhid ailə üzvlərinin övladları yerləşdirilir və ödənişdən azad olunur. Bu kimi məsələlər mütləq nəzərə alınır”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov vurğulayıb ki, ali təhsil müəssisəsinin yataqxanası 320 yerlikdir: “Karantin müddətində yataqxana fəaliyyətini davam etdirib. Əcnəbi tələbələrin bir hissəsi karantin dövründə ölkədə qaldıqlarına görə yataqxana fəaliyyətini dayandırmamışdı. Həmin tələbələr həmin yataqxanada onlayn qaydada tədrisə də davam edirdilər. Yataqxanada bir otağın qiyməti 100 manatdır. Əgər iki nəfər qalarsa, hər tələbə 50 manat ödəməklə qala bilər. Yataqxananın şəraitinə gəlincə, köhnə yataqxanadır, bir az təmir olunub. Yeni yataqxananın tikilməsi üzərində iş gedir. Həmkarlar ittifaqına müraciət edən tələbələr yataqxanaya yerləşdirilir. Bəziləri pulsuz qəbul edilir”.

Bakı Dövlət Universitetinin (BDU) Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev deyib ki, bu ilin yanvar ayında istifadəyə verilən 5 mərtəbəli, 220 yerlik “Tələbə evi” həm əcnəbi, həm də yerli tələbələr üçün nəzərdə tutulub: “Yataqxanada 104 standart tələbə otağı və 2 qonaq otağı mövcuddur. “Tələbə evi”ndə müasir standartlara cavab verən şərait yaradılıb, otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub. Burada zəruri ədəbiyyat və əyani vəsaitlərlə təchiz edilmiş kitabxana – oxu zalı, iclas otağı, asudə vaxt otağı, mətbəx, camaşırxana, bütün zəruri avadanlıqlarla təchiz edilmiş yeməkxana fəaliyyət göstərəcək. Hazırda yataqxana binasının saxlanma xərcləri hesablanır. Yataqxanada qiymətlər tələbələr nəzərə alınaraq tərtib ediləcək”.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova qeyd edib ki, tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir: “Bu binalarda 1988-90-cı illərdə məcburi köçkün ailələri məskunlaşıb. Yataqxanalarda ümumilikdə 900-dək məcburi köçkün ailəsi yaşayırdı. Hazırda binalarda 124 ailə qalıb. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Məcburi köçkünlər köçürüldüyü təqdirdə bina əsaslı təmir edilmədən öz təyinatı üzrə istifadə edilə bilməz”.
S.İsgəndərova bildirib ki, hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi universitetin yataqxanalarında məskunlaşan məcburi köçkünləri yeni qəsəbələrə köçürür və proses davam edir: “Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq”.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova qeyd edib ki, hər il yaşayış yerinə ehtiyacı olan bütün tələbələr yataqxana ilə təmin olunurlar: “Yəni Azərbaycan vətəndaşı olan univeristetin bütün tələbələri yataqxana ilə təmin olunur. Bu il də yataqxanaya ehtiyacı olan tələbələrimizi yaşayış yeri ilə təmin edəcəyik.
Yataqxanada yaşayan tələbələrin ödənişi də müxtəlifdir. Bu, tələbənin neçənci kursda oxumasından, hansı yataqxanada yaşamasından və neçə nəfərlik otaqda qalmasından asılı olaraq dəyişir. Yəni bir tələbənin bir aylıq yataqxana qiyməti orta hesabla 30-90 manat arasında dəyişir. Tələbənin normal yaşayışı, istirahəti və dərsləri ilə məşğul olması üçün bütün şərait yaradılır. Tələbələri yerləşdirməsi zamanı birinci şəhid ailələrindən olan tələbələrə üstünlük verilir və onlara güzəştlər edilir. Ümumilikdə universitetin yaşayış yerinə ehtiyacı olan bütün tələbələri yataqxana ilə təmin olunur”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button