Mədəniyyət

“Şuşa söhbətləri” layihəsinin təqdimatı keçirilib

Şuşa söhbətləri” (“Shusha talks”) layihəsinin təqdimatı keçirilib.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Layihənin məqsədi ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin Qarabağın dirçəlişi ilə bağlı fikirlərini öyrənməkdir.

Mədəniyyət Nazirliyi layihə çərçivəsində görüşlər təşkil edəcək, “Şuşa İli” ilə bağlı fikir mübadiləsi aparılacaq.

Mədəniyyət naziri Anar Kərimov deyib ki, “Şuşa söhbətləri” layihəsi “Şuşa ili”nə həsr edilib: “İstəyirik ki, bu il ölkəmizdə Şuşa bayramı əhval-ruhiyyəsi olsun. Bütün tədbirlərimizdə Şuşanı ana xətt kimi təbliğ etməliyik”.

Onun sözlərinə görə, bu il Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi qeyd olunacaq. Nazir vurğulayıb ki, Şuşanın əhəmiyyəti təkcə onun tarixində yox, həm də Azərbaycan mədəniyyətinin beşiyi olmasındadır.

A.Kərimov keçirilən layihələrlə Şuşanın əhəmiyyətinin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunacağını bildirib.

Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova bildirib ki, düşmən 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə azərbaycanlılara məxsus tarixi izləri silməyə cəhd göstərib: “Biz çalışacağıq ki, mümkün qədər mədəni irsimizi bərpa edək”.

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati bildirib ki, Şuşada foto məktəbi yaratmaq, Azərbaycanda bu sahənin inkişafına töhfə vermək istəyir: “Şuşa foto məktəbi yeni məktəb olsun ki, dünyanın dörd bir yanından ora gəlib təlim keçsinlər, Qarabağı, Şuşanı tanısınlar, tanıtsınlar. Həmçinin Şuşada festivalları təşkil oluna bilər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button