Gündəmİqtisadiyyat

“Sistem düzgün qurulmayıbsa, ən yaxşı kadrlar belə nəticəni müsbətə doğru dəyişə bilməyəcək” – Ruslan Atakişiyev

İqtisadiyyatımızın drayveri hansı dövlət qurumu olmalıdır, müvafiq kadr potensialı mövcuddurmu və ölkəmizdə iqtisadi sferada ictimai müzakirələr nə yerdədir?  İstiqlal.az tanınmış iqtisadçı ekspert,  iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevdən müsahibəni təqdim edir.

 – Pandemiya dövründə ölkənin sosial-iqtisadi vəziyyəti barədə nə deyə bilərsiniz?

– Bu il pademiya dövrü  ilə əlaqədar bir sıra yumşalma tədbirləri həyata keçirilib. Bu ilin birinci rübündə və xüsusən də yarım ilində Ümumi Daxili Məhsulun (ÜDM) həcmində cüzi artım müşahidə olunub. Bu başlanğıcını 2020-ci ilin aprel ayında karantin rejiminin sərtləşdirilməsi çərçivəsində qəbul olunan proqramlar və müxtəlif strategiyalardan götürüb. Həmin dövrdə sosial müdafiə, xüsusən də sahibkarın biznes subyektlərində muzdla işləyən işçilərinə görə dövlət tərəfindən yardımın göstərilməsi və digər maliyyə mənbələrinə çıxışla bağlı dövlət zəmanəti tədbirlərini misal göstərmək olar. Mövcud vəziyyətdə karantin rejiminin yumşaldılması sahibkarlıq fəaliyyətinin canlanmasına səbəb olub. Bu, makroiqtisadi rəqəmlərdə öz təsirini göstərir.

– Bəs hökumətin  addımlarının adekvatlıq dərəcəsini qanedici hesab etmək olar?

– Məsələ ondadır ki, bu gün qlobal və regional səviyyədə iqtisadi təhdidlər artmaqdadır. ABŞ, Avropa və Qərb birliyi ilə Çin, Rusiya dövlətləri arasında olan ticarət, iqtisadi münasibətlər münaqişənin dərinləşməsinə təsirsiz ötüşmür. Xüsusilə də pandemiyanın növbəti dalğalarının meydana çıxması və qlobal səviyyədə baş verən iqlim dəyişiklikləri riskləri artırır. Azərbaycana gəlincə, qlobal  bazara çox da açıq ölkə deyilik. Bu gün Azərbaycan daxili bazarı və iqtisadiyyatı müəyyən dərəcədə dövlətin inzibati tədbirləri çərçivəsində qorunur. Bu gün dövlətlərin siyasətinə baxsaq, daxili bazarı qorumaq və maksimum dərəcədə xarici  məhsullardan asılılığın azaldılması üzrə istiqamətlərə üstünlük verilir. Bu isə ümumi bazar prinsipləri baxımından azad rəqabət mühitinə mənfi təsir göstərir.

– Burada hökumətin iqtisadi blokunun da rolu var?

– Söhbət kompetensiyadan daha çox vəziyyətə uyğun hərəkətdən gedir. Sadə dildə desək, Azərbaycan bazar iqtisadiyyatı ölkəsidir və hədəf bazar iqtisadiyyatının inkişaf etdirilməsidir. Lakin bazar iqtisadiyyatı azad ticarətin olmasını, istənilən məhsulun, şirkətin bazara və ölkəyə girib-çıxması üçün şəraitin təmin edilməsini  tələb edir. Bu tələblər yerinə yetiriləndə yerli bazarın rəqabətdə uduzacağı ilə bağlı narahatlıqlar yaranır. Ona görə də məhsulların ölkəyə gətirilməsi ilə bağlı tariflər qaldırılır ki, yerli məhsullara tələbat artsın. Daxili məhsullarla bağlı isə müəyyən qurumlar məmurlarla əlbir olurlar və sərbəst inkişaf mümkün olmur. Bu, hədəfə çatmağa mane olur.

– Bu cür ziddiyyətli vəziyyətdə diqqət İqtisadiyyat Nazirliyinə yönəlir. Çünki iqtisadi blokun əsas detalı bu nazirlikdir.

– Əslində belə bir vəziyyətdə konkret olaraq hansısa subyektin üzərinə hədəf qoyub, məsuliyyətlilik səviyyəsini ölçmək düzgün olmaz. Məsələn, Dövlət Vergi Xidmətinin səlahiyyətləri İqtisadiyyat Nazirliyinə verilib. Lakin Dövlət Vergi Xidməti nə dərəcədə Sədərək, Binə, Dərnəgüldəki obyektləri vergiyə cəlb edə bilib? Elə şeylər var ki, ümumi vəziyyət bir nazirliyin strukturunu da aşır. Bu gün Azərbaycanda maksimum dərəcədə şəffaflaşdırma prosesi həyata keçirilsə də, yenə də 30-40 faiz şəffaflaşmayıb. Yəni, qeyri-rəsmi fəaliyyət göstərir. Ölkənin qəbul olunan dövlət proqramları, strateji yol xəritələrində qoyulan hədəflər icra olunarsa, kifayət qədər inkişaf edə bilərik.

– İqtisadiyyat Nazirliyinin kadr siyasətini necə dəyərləndirirsiniz? Hazırkı kadrlarla nəyəsə nail olmaq mümkündürmü?

– Dünya praktikasına görə, menecment düzgün təşkil edilibsə və sistem yaxşıdırsa, bu halda istənilən kadrın gəlməsi müsbət nəticə verir. Sistem düzgün qurulmayıbsa, ən yaxşı kadrlar belə nəticəni müsbətə doğru dəyişə bilməyəcək. Azərbaycanda idarəetmənin təkmilləşdirilməsinə ehtiyac var. Çünki son bir ildə kadrlarla bağlı çoxlu dəyişiklik baş verib. Lakin gözlənilən nəticələr əldə olunmayıb. İnkişaf etmiş ölkələrdə sadə bir məsələnin həlli ilə bağlı bələdiyyə vətəndaşlarla müzakirə aparır və ya nazirlik hansısa işi həyata keçirmədən öncə o sahənin mütəxəssislərinin fikirlərini öyrənir. Ancaq Azərbaycanda ictimaiyyətin müzakirələrə qoşulmaq hüququ nə qədərdir?! Bunun üçün gərək rıcaqlar olsun, alətlər olsun.

– İqtisadiyyat Nazirliyində Aparat rəhbəri Ayaz Əliyevin sədrliyi altında İctimai Şura yaradılır və seçki prosesi başlayır, namizədlər irəli sürülür. Sizin bu Şurada təmsilçilik iddianız varmı?

–  İctimai Şurada təmsilçilik üçün özüm şəxsən müraciət etmişdim. Birliyimiz 2004-cü ildən etibarən İqtisadiyyat Nazirliyi ilə birgə fəaliyyət göstərib. 2017-ci ildə Vergilər Nazirliyi ilə də çalışmışıq və ekspert şurasında olmuşuq. İctimai Şura üçün verdiyimiz sənədlərə Seçki Komissiyasından mənfi cavab verildi ki, sənədlər qaydasında deyil və əmək təcrübəmiz İqtisadiyyat Nazirliyinə uyğun deyil. Sonra yenidən müraciət etdik və yenə də Seçki komissiyası tərəfindən imtina cavabı verildi. Səbəb fəaliyyət sahəmin İqtisadiyyat Nazirliyinin fəaliyyət sahəsinə uyğun gəlməməsidir. Halbuki seçki komissiyasının bu cür yanaşması əsassızdır. Məsələn, mənim bakalavr da və magistr dərəcəm də iqtisadi sahədədir, həmçinin də ən əsası da İqtisadiyyat üzrə fəlsəfə doktoruyam və hələ bir arayış da vermişdim ki, hazırda İqtisad elmləri doktoru proqramındayam. Bu gün İctimai Şuradakı siyahı sifarişlə qurulur. Seçki komissiyası onların öz işlərinə əl çalan adamlar axtarır. İqtisadiyyat Nazirliyi formal ictimai şuralarla yol qət edir. Bu məsələni hər kəsə çatdırın mənim adımdam ki, İqtisadiyyat Nazirliyinin Seçki komissiyasının sədrliyi qeyri-qanuni addımlar atır və mən kimə lazımsa müsahibə verməyə hazıram. Bugün tanıdığım xeyli sayda yüksək səviyyəli iqtisadçı kadrlar vardır ki, Seçki komissiyası rəhbərliyi onlara da imtina vermişdir. Bugün ölkə başçısı cənab Prezidentimiz İlham Əliyev göstərişlər verir, amma belə məmurlar onun göstərişlərini yerinə yetirmək istəmir və qoy onlar ölkə başçısının qabaında cavab versin. Qoy bütün mətbuat Seçki komissiyası rəhbərliyinin bu addımlarını işiqlandırsın və daha geniş danışmağa hazıram bu barədə.

Qeyd: Onu da vurğulayaq ki, İqtisadiyyat Nazirliyi yanında yaradılmalı olan Seçki Komissiyasının sədri İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov deyil, nazirliyin aparat rəhbəri və haqqında ictimaiyyətdə kifayət qədər mənfi xəbərlər yayılmış Ayaz Əliyevdir. Düşünürük ki, kifayət qədər çalışqan və təcrübəli bir məmur olan Mikayıl müəllim ölkə başçısının tapşırıqlarına zidd davranan belə kadrları iş başından kənarlaşdıracaqdır.

Söhbətləşdi: Əziz/İstiqlal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button