İqtisadiyyat

“Şimal axını-2” bu il tam gücü ilə işə başlaya bilər

Avropa anbarlarında qaz ehtiyatlarının az olması ilə əlaqədar “Şimal axını-2” boru kəməri ilin sonuna qədər tam gücü ilə işə başlaya bilər.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin təbii sərvətlər və əmtəə məhsulları qrupunun direktoru Dmitri Marinçenko deyib.
Məlumata görə, hazırda “Şimal axını-2” Avropanın qaz direktivi ilə əlaqədar məhdudiyyətlər səbəbindən tam gücü ilə işləyə bilməz.
D. Marinçenkonun sözlərinə görə, istisna edilmir ki, Avropa İttifaqı bazarda qaz çatışmazlığı və həddindən artıq yüksək qiymətlər fonunda Rusiyanın “Qazprom” şirkətinə qaz ixracını və anbarlara “mavi yanacağın” doldurulmasını artırmaq üçün direktivin fəaliyyətini dayandıra bilər.
“Bu, boru kəmərinin ilin sonuna qədər tam gücü ilə işləməsinə imkan verə bilərdi”, – deyə “Fitch”in nümayəndəsi qeyd edib.
D. Marinçenkonun fikrincə, boru kəmərlərinin sertifikatlaşdırılması məsələsi nisbətən tez həll oluna bilər.
Xatırladaq ki, bu gün “Qazprom” şirləti “Şimal axını-2” qaz boru kəmərinin tikintisinin tam başa çatması ilə bağlı xəbər yayıb.
“Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.
“Qazprom” kəməri bu ilin sonuna istismara vermək niyyətindədir. Şirkətin məlumatına görə, “Şimal axını-2” kəməri ilə cari ildə 5,6 mlrd. kubmetr qaz nəqli oluna bilər.
“Bloomberg” agentliyi isə öz mənbəyinə istinadən “Qazprom”un birinci xətlə bu il oktyabrın 1-dən, hər iki xətlə isə dekabrın 1-dən qaz nəqli etməyi planlaşdırdığı barədə məlumat yayıb.
Qeyd edək ki, ABŞ-ın sanksiya təhlükəsi ilə əlaqədar İsveçrənin “Allseas” şirkəti boruların döşənməsindən imtina etdiyinə görə kəmərin tikintisi 2019-cu ilin dekabrında dayandırılmışdı. 2020-ci ilin dekabrından istə tikinti işləri yenidən bərpa olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button