İqtisadiyyat

Serbiya şirkətləri Qarabağın bərpasına cəlb olunacaq

“Bu il Serbiya hökuməti Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq layihələrinə ölkəsinin tikinti şirkətlərini cəlb etməyi nəzərdə tutur”.

Bunu Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavliyeviç bildirib.

“Azərbaycanla iqtisadi və ticari əməkdaşlıqdan əlavə, Serbiya həm də enerji, turizm, mədəniyyət, təhsil, idman kimi sahələrdə əməkdaşlığı daha da genişləndirməyə çalışacaq. Konkret olaraq iqtisadiyyat və ticarətlə bağlı mövcud olan layihələr çərçivəsində əməkdaşlığı davam etdirmək və gücləndirmək nəzərdə tutulur ki, bunun bir vasitəsi də işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərinə Serbiyanın tikinti şirkətlərini cəlb etmək ola bilər” – o deyib.

Hər iki ölkə ictimaiyyətinə digərinin mədəniyyətini, turizm imkanlarını daha geniş tanıtmaq ehtiyacının olduğunu söyləyən diplomat bu il Azərbaycanın Belqraddakı səfirliyi ilə birgə bununla bağlı müəyyən işlər görüləcəyini vurğulayıb.

Onun fikrincə, hazırda hazırlıq işləri görüldüyü birbaşa təyyarə uçuşlarının açılması turizm əlaqələrinin daha da artması baxımdan mühüm əhəmiyyət daşıyır.

İki ölkə arasında mədəni əməkdaşlıqdan danışan səfir qeyd edib ki, Serbiya səfirliyi Azərbaycan Dillər Universitetindəki Serb Dili və Mədəniyyəti Mərkəzi ilə birgə tanınmış serb yazıçısı, “Xəzər lüğəti” romanı ilə Azərbaycan oxucusunun da tanıdığı Milorad Paviçin yaradıcılıq sərgisini keçirmək niyyətindədir. Həmçinin səfirlik Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Belqraddakı Milli Teatr əməkdaşlıq qurulması üzərində də çalışmalar aparır.

“Bu il Serbiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 25 yaşı tamam olduğunu unutmayaq. Bu, dostluğumuzu, birgə dəyərlərimizi irəli aparmaqla bağlı fəaliyyətlərə əlavə güc qazandırır”, – D.Vladislavliyeviç diqqətə çatdırıb.

O, iki ölkənin ötən il pandemiyaya qarşı mübarizədə qarşılıqlı əməkdaşlıq etdiyini, bununla əlaqədar Qoşulmama Hərəkatının birinci Belqrad sammitinin 60 illiyi münasibətilə yüksək səviyyəli iclası, Bakıda Serbiya xarici işlər nazirinin iştirakı ilə keçirilmiş ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası, Serbiya – Azərbaycan biznes forumunu misal çəkib.

Səfir bundan əlavə, Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) Serbiyanın “Balkan Polymers” şirkəti arasında əməkdaşlıq əlaqələrinin qurulduğunu, Azərbaycandan ilk polimer yüklərinin Serbiyaya çatdırıldığını da qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button