Saxta turizm şirkətləri insanları necə aldadırmış?

Azərbaycanda “Turizm haqqında” yeni qanun turistlərin aldadılması hallarının qarşısını alacaq. Bunu Trend-ə turizm məsələləri üzrə ekspert Əziz Şiriyev deyib.
O bildirib ki, yeni qanun turizm şirkətləri qarşısında bir sıra tələblər qoyur.
“Əvvəl turizm şirkətinin yaradılması üçün lisenziya tələb edilirdi. Lakin sonra bu tələb ləğv edildi. Əslində lisenziyanın ləğv edilməsində məqsəd turizm sahəsində inkişafa nail olmaq idi, amma bəzi insanlar bundan düzgün istifadə etmədilər və saxta turizm şirkətlərinin sayı artmağa başladı.
Artıq bundan sonra turizm şirkətləri fiziki yox, hüquqi şəxs olacaq. Şirkətlər qeydiyyata düşəcəklər, ofislərinin ünvanı, nə qədər işçilərinin olması barədə məlumat verəcəklər. Bütün bunlardan sonra artıq peşəkar şirkətlər fəaliyyət göstərəcək, tələblərə cavab verməyənlər isə cərimələnəcək”, – deyə Ə.Şiriyev əlavə edib.