İdman

Samir Abasov: “Hesab ürəyimizcə olmadı”

“Həm məğlubiyyət, həm üzücü hesab ürəyimizcə olmadı. Bu planımıza daxil deyildi”.
Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.
43 yaşlı mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsinin HİK-lə Finlandiyadakı cavab oyunundan sonra mətbuat konfransına qatılıb. Abasov komandasının 0:2 hesabı ilə uduzaraq Konfrans Liqasına yuvarlanması barədə fikirlərini açıqlayıb: “İlk hissədən sonra ümidlənmişdik. İstədiklərimiz alınırdı. Bakıdakından daha yaxşı oynayırdıq. Rəqibə az şans verirdik. İkinci hissə başlayan kimi qol buraxdıq. Üç gündən sonra çempionatımız başlayır, ora hazırlaşacağıq. Konfrans Liqasındakı rəqib HİK-dən 5-10 dəfə çətin komandadır. Bu gün tarixi nəticə ola bilərdi. Nikbin baxıb, gələcək oyunlara hazırlaşacağıq. Həm dördlü, həm beşli müdafiədə problem ola bilər. Bu, təkcə müdafiəçilərdən qaynaqlanmır. İlk qolda yarımmüdafiənin səhvi daha çox idi. Bakıda etdiyimiz səhvlərdən birini təkrarladıq və qol buraxdıq”. 
Abasov məğlubiyyəti təkcə müdafiəçilərin səhvləri ilə bağlı olması fikri ilə razılaşmayıb: “Sırf müdafiəçilərin üstünə atmaq istəmirəm. Aradan qaldırıla biləcək səhvlərdir. Oyun sistemində problem görmürəm. Bir günə, bir həftəyə sistemi dəyişib oyuna çıxmağı ağılsızlıq sayıram. Problemlər var. Onu müdafiədə yox, komandada görürəm. Səbəbləri bilirəm və əminəm ki, aradan qalxacaq. Çempionatın sonundakı oyunla indiki arasında fərqlilik var. Onu da düzəldəcəyik. Fiziki baxımdan rəqiblə aramızda uçurum var idi”.
Mütəxəssis ehtiyat planın yoxluğunun səbəbinə də aydınlıq gətirib: “B planı o vaxt olur ki, heyətində 30 futbolçu olsun. Belə şeylərə inanmıram. Rəqib praqmatik futbol oynayır. Bunu da yaxşı edirlər. Bunu bilirdik. B planı olmaq üçün hücuma oyunçu buraxmalıyıq. Burada biz axsayırıq. B planı yoxdur deyə, bir planla irəliləyirik. Bizdə oyunçu kontingenti yoxdur. Bəzi futbolçulardan narazıyam. Sübut olundu ki, xarakter olmalıdır, işləməlisən, təkcə bacarığınla mərhələ keçə bilməzsən. Çıxış yolumuz yoxdur. “Makkabi”nin oyununa baxmışam. Çox fərq var. Onlarla HİK arasında. Amma bu o demək deyil ki, qarşılaşsalar HİK uduzacaq. Tbilisi “Dinamo”su “Makkabi”yə böyük hesabla uduzsa da, daha yaxşı oynadı. Bizi də həmin təhlükə gözləyir. Bugünkü matç ümidlərimizi qırdı. Ümid Allahadır, görək necə olur”.
Abasov məğlubiyyəti bir neçə oyunçu ilə bağlamağı düzgün hesab etmir: “Narazı qaldığım 3-4 oyunçu bilir ki, kimlərdir. Onlara görə uduzduq kimi bir şey yoxdur. Komanda şəklində oynayan rəqiblərə qarşı elə çıxış etməlisən. Hazırlıqlı, çox qaçan komandaya qarşı gərək ondan çox qaçmalısan. Boşluqlar buraxdıq və nəticəsində üzücü məğlubiyyət aldıq. Yenə 2 oyuna çıxmaq şansımız var. Mirabdulla məndən əvvəl də burda olub. Əgər adaptasiya olmayıbsa, burda nə gəzir? Ona görə adaptasiyadan danışmayaq. Hücum xəttində problemlər, çətinliklər var. Tənqidlər də ola bilər, xoş sözlər də. Bu gün heyətində sağ müdafiəçi Ömərin varsa və oynamırsa, deməli nə isə var. Biz nə Ömərin, nə “Neftçi”nin, nə də özümüzün düşməni deyilik. Onun mövqeyində hücumçunu oynadırıqsa, deməli onda problem var. Bilərəkdən bu heyəti məcburiyyətdən buraxırıq. Heç kim heç kimin düşməni deyil. Kim hazırdırsa, onlar oynayır. Dünən konfrans zamanı planda olan heyətə əsasən Ömər müdafiədə, Harramiz hücumda oynamalı idi. Amma məşqdən sonra hər şey dəyişdi. Bütün bunları azarkeşlərlə, jurnalistlərlə müzakirə etmək olmur. Sezar Meza Kolli bizim komandanın səviyyəsinə uyğundur. Əgər meydanda qaçmayacaqsa, oynamayacaq. Bu, hamıya aiddir. O, pis oyuna görə deyil, tam hazır olmadığı üçün bütün matçı oynamır. Sezar bizim üçün çox işlər görəcək”.
Qeyd edək ki, “Neftçi” Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button