Gündəm

Sahil Babayev: “1 ildə ƏƏSMN şəhid ailələri, müharibə əlillərinə 38 min dövlət xidməti göstərib” – yenilənib

“Bir il ərzində 31 min şəhid ailəsi, müharibə əlilli, müharibədə yaralanmış əsgərlərimizə, vətəndaşlarımıza təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 38 min dövlət xidməti göstərilib.

Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, digər qurumlar da 10 minlərlə insana öz dəstəklərini göstərib, onlara təyin olunan bütün sosial ödənişlərin keyfiyyətli icrası təmin olunub: “Cənab Prezidentin məhz ötən ilin son günlərində xüsusi sərəncamı oldu. Şəhid ailələrinin, müharibə əlillərinin müavinət və təqaüdlərinin ciddi şəkildə artırılması qərarı verildi. Bunun nəticəsində orta hesabla şəhid ailələri, müharibə əlillərinin verilən təqaüdlər 2 dəfə artırıldı. Bu təqaüdlərin vaxtında təyin olunması istiqamətində ciddi işlər aparılırdı. Bu günədək təqribən 17 min vətəndaşımıza müavinət, təqaüdlər təyin edilib. Digər tərəfdən, şəhid ailələri, müharibə əlillərinin mənzillə, evlə təminat proqramı ciddi şəkildə genişləndirildi. Bilirsiniz, cənab Prezident bununla bağlı 2 sərəncam imzaladı. Təkcə bu il 3 min ailəyə mənzilin, fərdi evin verilməsi üçün tapşırıqlar verildi”.

S.Babayevin sözlərinə görə, artıq 1700 şəhid ailəsinə və müharibə əlillinə bu evlər verilib: “Digər sosial cəhətdən həssas kateqoriyadan olan insanları əlavə etdikdə artıq 2 mindən çox ailəyə bu evlər təqdim olunub. Digər tərəfdən, müharibə qazilərimiz üçün avtomobillə təminat proqramı davam edir. Cari ildə artıq 144 avtomobil Vətən müharibəsində yaralan qazilərimizə verilib”.

***

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərində olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, nazir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevlə birgə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad edib.

Ermənistanın 2020-ci il oktyabrın 11-də növbəti müharibə cinayəti törədərək, müharibə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binasını ağır artilleriya silahlarından atəşə tutmasından bir il ötür.

S.Babayev Ermənistanın insanlığa qarşı dəhşətli cinayəti olan həmin terror aktı nəticəsində dağılmış ərazidə olub. Qanlı erməni terroru zamanı şəhid olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, ərazidəki dağılmış yaşayış binasının ətrafına gül dəstələri qoyulub.

Nazir bir il əvvəl Gəncədə erməni terroru nəticəsində on aylıqkən şəhid olan Narın Xalıqovanın yaxınları və erməni terroru zamanı hər iki valdeyni, digər bir neçə qohumu şəhid olmuş 3 yaşlı Nilay Əliyeva, onun birgə yaşadığı qohumları ilə görüşüb. O, hər iki ailəni evlərində ziyarət edərək sosial vəziyyətləri ilə maraqlanıb. S.Babayev həmin ailələrin sosial müdafiəsi istiqamətində müvafiq işlərin görüldüyünü, bundan sonra da onların yaşayışının diqqətdə saxlanacağını bildirib.

Vətən müharibəsindən sonra geniş miqyaslı sosial dəstək işləri erməni terrorundan zərər çəkən vətəndaşları da əhatə edir.

Postmüharibə dövrünə uyğun olaraq müvafiq qaydalarda dəyişiklik edilməklə şəhid statusu Gəncə və Naftalan şəhərlərində, Bərdə rayonunda erməni terroru nəticəsində həlak olmuş mülki şəxslərimizə də aid edilib. Bütün mülki şəhidlərimizin ailələrinin sosial müdafiəsi tədbirləri, şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlərlə təminatı həyata keçirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button