İqtisadiyyat

Sabah Bakıda beynəlxalq kitab sərgisi işə başlayacaq

6-10 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq “Baku International Book Fair 2021” – 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
“APA-Economics”in məlumatına görə, sərginin məqsədi kitab və mütaliəni təbliğ edərək populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.
Sərgidə 13 ölkədən 165 müəssisə iştirak edəcək. Azərbaycan, Bolqarıstan, Gürcüstan, Fransa, İndoneziya, İran, Kolumbiya, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistan, Rusiya və Türkiyəyə məxsus nəşriyyat evləri, mətbəələr, kitab mağazaları, mədəniyyət mərkəzləri və poliqrafiya şirkətləri sərgidə iştirak edəcək.
Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət maraqlı proqramlar gözləyir. Məşhur azərbaycanlı və xarici yazarlar sərginin müxtəlif günlərində “günün qonaqları” olacaqlar: Çingiz Abdullayev, Elxan Elatlı, Elçin Əliyev, Nail Əlizadə, Gülseren Buğdayıcıoğlu, Toğrul Mehti Niyazi və digərləri. Tarixçi Fuad Axundovun təqdimatında “Cənubi Qafqaz şəhərlərinin tarixi ənənələri” mühazirəsi baş tutacaq. Ercan Kesal (“Çukur” serialının baş qəhrəmanı İdris Koçovalı) ilə görüş saatı keçiriləcək.
Şairə Nigar Həsənzadənin təqdimatında “İgidlərin SÖZü” layihəsi xüsusi diqqətə layiqdir. Layihə çərçivəsində 44 günlük müharibədə iştirak edən şəhid və qazilərə həsr olunmuş şeir təqdimatları baş tutacaq.
Solmaz Amanova, Sayman Aruzu, Orxan Adıgözəl, professor Nəsiman Yaqublu, İradə Məlikova, Elçin Əzimli, kimi yazıçılar kitablarını təqdim edəcək, Azərbaycanın və Türkiyənin gənc şairləri ilə görüşlər keçiriləcək.
“Nizami Gəncəvi İli” çərçivəsində hər gün səhər saat 10:00-dan etibarən Bakı Ekspo Mərkəzinin foyesində müxtəlif tədbirlər keçiriləcək. Onların arasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrı tərəfindən Nizami Gəncəvinin əsərləri üzərində qurulmuş kukla tamaşaları, Xalça Muzeyinin təqdimatı və s. öz yerini alacaq. Azərbaycanlı və türkiyəli yazıçılar Nizami Gəncəvinin və Yunus Əmrənin şeirlərini oxuyacaqlar.
Uşaqlar üçün bir sıra tədbirlər təşkil olunacaq. Sərgi zamanı “Tık-Tık xanım”, “Cırtdan” uşaq tamaşası, uşaqlar və böyüklər üçün müxtəlif master-klasslar, ebru (su üzərində rəsm sənəti) və daha nələr nümayiş olunacaq. Yazıçı Solmaz Amanova milli Azərbaycan nağıllarının personajlarını təqdim edəcək və hər bir uşağa paltarını dəyişərək nağıl qəhrəmanı obrazında olmaq imkanı veriləcək. Yazıçı Mürşüd İsmayılzadə ilə intellektual oyunlar keçiriləcək.
Sərgi çərçivəsində Nizami Gəncəvinin əlilliyi olan uşaqlar üçün işarə dilinə tərcümə edilmiş “Yeddi gözəl” kitabının elektron versiyasının təqdimatı baş tutacaq.
Dəyərlərimizi qorumaq və gələcək nəslə ötürmək məqsədilə milli rəmzlərimizdən olan kəlağayı ilə bağlı “Kəlağayı sənəti” adlı təqdimat professor Rəna İbrahimbəyova tərəfindən keçiriləcək.
Proqramın tam versiyası: https://bakubookfair.az/az-programme/.
Ziyarətçilər üçün sərgiyə “Koroğlu” metro stansiyasından hər yarım saatdan bir, “Elmlər Akademiyası” stansiyasından isə hər saatdan bir avtobuslar ödənişsiz olaraq hərəkət edəcəklər. Avtobusların hərəkət cədvəli: https://bakubookfair.az/az-content/26.html.
Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, qızıl sponsoru – BP şirkəti, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (CEO) şirkəti həyata keçirir.
Xatırladaq ki, sərginin informasiya tərəfdaşı qismində APA çıxış edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button