Dünya

Saakaşvilinin Gürcüstana qayıtması üçün 100 mindən çox imza toplanıb

Gürcüstanda keçmiş prezident Mixeil Saakaşvilinin vətənə dönməsi üçün yaradılan xalq hərəkatında artıq 104 min nəfər qeydiyyata alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hərəkatın təşəbbüskarı, müxalif “Qanun və ədalət” Partiyasının sədri Tako Çarkviani məlumat verib.
O bildirib ki, həmin şəxslərin yarısı M.Saakaşvilini hava limanında qarşılamağa gedəcək.
Partiya sədrinin sözlərinə görə, eks-prezidentin Gürcüstana dinc şəraitdə dönməsi ilə bağlı ölkədə akkreditə olunmuş bütün diplomatlara, həmçinin Avropa İttifaqı və ATƏT-ə müraciət olunub və sənəddə M.Saakaşviliyə qarşı Avropa Konvensiyasının ədalətli məhkəmə baxışını nəzərdə tutan 6-cı maddəsinin tətbiqi tələb olunub.
Qeyd edək ki, 2015-ci ildən Ukrayna vətəndaşı olan M.Saakaşvili hazırda bu ölkənin İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəridir. Səkkiz ildən sonra Gürcüstana qayıtmağa hazırlaşan siyasətçi oktyabrın 2-nə Tbilisiyə bilet alıb. Həmin gün qonşu ölkədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.
M.Saakaşvili vətəndə bir sıra ittihamlar üzrə qiyabi olaraq həbsə məhkum edilib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, sabiq dövlət başçısı ölkəyə ayaq basan kimi həbs olunacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button