Mədəniyyət

“ŞƏRQ İRSİ” Beynəlxalq Müasir İncəsənət Sərgisi keçiriləcək

Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi və “Platform ART” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində, dünya mədəni irsinin qorunub saxlanılmasının vacibliyi barədə biliklərin genişləndirilməsinə yönəlmiş “ŞƏRQ İRSİ” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisini təşkil edəcək.
İstiqlal.az xəbər verir ki, Azərbaycan, sürətlə inkişaf edən bir ölkə olaraq, millətin və ölkənin kimlik tarixini səciyyələndirən tarixi və mədəni irsin qorunub saxlanılmasının vacibliyinə böyük önəm verir.
Sərgi 17 noyabr – 1 dekabr tarixlərində, XVII əsrdə inşa edilmiş, orta əsr milli əhəmiyyətli memarlıq abidəsi olan Qasım bəy hamamında keçiriləcək. Hamama gələn qonaqlara çay ilə birgə verilən şirniyyatlara görə xalq arasında “Şirin hamam” kimi tanınan bu məkan, İçərişəhər qalasının Salyan darvazasının yaxınlığında yerləşir.
Qasım bəy hamamı, son 30 il ərzində ziyarətçilərin üzünə bağlı olub. Yaxın zamanlarda burada təmir işlərinin aparılacağı gözlənilir. Giriş dəhlizi, qarderob, hamam otaqları, hovuz və qazanxananın daxil olduğu bu hamam kompleksi ənənəvi dizayna malikdir. Soyunma və hovuz otaqlarında xaçvarı günbəzlər vardır. Bu otaqlar bir-birinə bitişik olmaqla, kiçik künc hücrələri vasitəsilə əlaqələndirilmişdir. Su
təchizatı və istilik sistemi üçün keramik borular divarların içində və döşəmənin altında yerləşdirilmişdir.
1970-ci ildə, hamamda yenidənqurma işləri aparılıb və bundan sonra, 90-cı illərə qədər burada fəaliyyət göstərən “Yaşıl aptek” adı ilə tanınan əczaxanaya çevrilib.
Alfons Huqun (Bakı Goethe-Zentrum) kuratorluğu ilə keçirilən “ŞƏRQ İRSİ” sərgisi, Əqdəs Bağırzadə (Azərbaycan), Andréas Lanq (Almaniya), André Severo (Braziliya), Sabina Şıxlinskaya (Azərbaycan) kimi tanınmış rəssamlar tərəfindən fotoqrafiya, videoart və instalyasiya janrlarında hazırlanmış incəsənət əsərlərindən ibarətdir.
Sərgi 17 noyabr – 1 dekabr 2021, çərşənbə axşamı– bazar günləri saat 14:00–20:00-a kimi açıq olacaq. Giriş sərbəstdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button