Mədəniyyət

Səfir: “Topçubaşovun Paris arxivi xalqımızın tarixi və mədəni irsidir, Azərbaycana qaytarılmalıdır”

Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin APA-ya müsahibəsi

– Cənab Səfir, Azərbaycan və Fransa arasında mövcud münasibətlərin tarixi kökləri var və bu münasibətlər uğurla inkişaf edirdi, ancaq bu gün iki ölkə arasındakı əlaqələr çətin günlərdən keçir. Bu əlaqələrin müsbət istiqamətdə inkişafı üçün çatışmayan məqamlar nələrdir?

– Bilirsiniz, diplomatiyada, tibdə olduğu kimi, problemi həll etmək və ya xəstəliyi aradan qaldırmaq üçün düzgün diaqnoz qoymaq lazımdır. Bizim münasibətlərimiz artıq bir neçə ildir ki, ciddi böhran vəziyyətindədir. Bu böhranın səbəbləri sizin dediyiniz kimi, çatışmayan məqamlar deyil, daha dərin və ciddidir. Azərbaycanla əlaqələrində Fransa dövlətlərarası münasibətlərin baza prinsipləri olan suverenliyə hörmət, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına riayət etmir. Təməlsiz bina inşa etmək olarmı? Əlbəttə ki, bu, mümkün deyil. Eyni şəkildə dövlətlərarası münasibətləri də bu prinsiplərə hörmət və riayət edilməsi olmadan qurmaq qeyri-mümkündür, çünki onlar bu əlaqələrin təməlini təşkil edir. Əsas məsələ budur, qalanı ikinci dərəcəlidir. İkitərəfli əlaqələrin gələcəyi məhz bu məsələnin həllindən asılıdır.

– İkinci Qarabağ müharibəsindən sonra Fransada bizim regionla bağlı fikirlər necə dəyişib?

– Fransa müharibənin nəticələrini tanıdı və işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi və itkin düşmüş şəxslərin axtarışı məsələlərində bizə yardım etməyə hazır olduğunu ifadə etdi. Eyni zamanda, həmin ərazilərin bərpa işlərində iştirakda da müəyyən maraq göstərir. Lakin, ümumi olaraq, yuxarıda qeyd edilən baza prinsiplərinə hörmət məsələsi ilə bağlı onun yanaşması dəyişməyib. Bundan əlavə, paralel olaraq, bu ölkədə 2017-ci ildən etibarən başqa, mən deyərdim ki, dağıdıcı xarakter daşıyan bir tendensiya gücləndi. Bu, Senatda və Milli Assambleyada ölkəmizə qarşı təxribatçı bəyanatlar və tədbirlər, Azərbaycana qarşı bəzi aparıcı KİV-də ideoloji müharibə, siyasətçi, deputat və senatorlar tərəfindən ölkəmizin başçısına qarşı səsləndirilən bəyanatlar, bizim suverenliyimizin, sərhədlərimizin nümayişkaranə pozuntularıdır. Təcrübə göstərir ki, Fransanın rəsmi hakimiyyət orqanları bu hərəkətlərə ya reaksiya vermir istəmir, ya da bunu edə bilmir.

– Fransada Prezident seçkiləri keçiriləcək və bu ərəfədə prezidentliyə namizədlər Ermənistana, hətta bəziləri Qarabağa səfər edib. Azərbaycan tərəfinin bəyanatlarına, xəbərdarlıqlarına baxmayaraq, belə icazəsiz səfərlər niyə hələ də reallaşır?

– Fransanın siyasətçiləri və parlamentariləri tərəfindən Xankəndiyə qeyri-qanuni səfərlər yalnız bizim ölkənin qanunlarının pozuntusu deyil, həm də Fransanın beynəlxalq və ikitərəfli öhdəliklərinə laqeyd yanaşmadır. Eyni zamanda, bu, həmçinin, Fransanın özünün daxili qanunvericiliyinin kobud pozuntusudur. Lakin seçki kampaniyası və elektoratın bir hissəsinin əhval-ruhiyyəsinə görə bu pozuntulara göz yumulur. Mən hesab edirəm ki, bu, Fransanın hüquq sisteminin böhranının göstəricisidir. Bu yaxınlarda Prezident Makron Avropa İttifaqında sədrlik funksiyalarını öz üzərinə götürməsi münasibətilə Avropa Parlamenti qarşısında çıxış etdi. Çıxış zamanı o, “hüquqi dövlət” uğrunda mübarizəni sədrlik çərçivəsində Aİ ölkələrində öz əsas məqsədi kimi elan etdi. Mən saydım – çıxışda “hüquqi dövlət” ifadəsi doqquz dəfə istifadə olundu. Soruşmaq istərdim: bəs niyə sizin öz siyasətçiləriniz öz ölkələrinin qanunlarına və “hüquqi dövlətin” prinsiplərinə hörmət etmir? Bəlkə “hüquqi dövlət” uğrunda mübarizəni öz ölkənizdən, məhz Fransadan başlayasınız?

– Fransanın qanunvericiliyinin də pozulduğunu qeyd etdiniz. Bəs konkret olaraq hansı qanunlar pozulur?

– İlk növbədə, Konstitusiya, Ərazi Vahidləri Ümumi Məcəlləsi, Fransanın Daxili İşlər Nazirliyinin və Xarici İşlər Nazirliyinin normativ sənədləri. Bu ölkənin qanunlarına əsasən, yerli özünüidarəetmə orqanlarının nümayəndələri, o cümlədən İl-dö-Frans regionunun prezidenti Valeri Pekres Fransa tərəfindən tanınmayan separatçı qurumların nümayəndələri ilə hər-hansı əlaqəyə girmək, müqavilə imzalamaq, onların xeyrinə istənilən bəyanatlar vermək hüququna malik deyil. Bu, qətiyyən qadağandır. Bu normalar Fransada açıq-aşkar, nümayişkarcasına, demək olar ki, gündəlik əsasda pozulur, hər gün separatçılara dəstək bəyanatları səsləndirilir və hakimiyyət orqanları buna heç bir reaksiya göstərmir. Halbuki onlar reaksiya göstərməlidir, özü də bunu bizə münasibətdə simpatiyaya görə yox, öz ölkələrinin qanunlarına riayət olunması üçün etməlidirlər.

– Ötən il dekabr ayının sonunda baş tutmuş qeyri-qanuni səfərlə bağlı hansı addımlar atılıb?

– Yanvarın əvvəlində biz İl-dö-Frans regionunun prefektinə bu regionun prezidenti tərəfindən yol verilən pozuntulara reaksiya verməsi məqsədilə müraciət ünvanladıq. Xatırladıram ki, regionun prefekti hakimiyyətin nümayəndəsi qismində çıxış edən və qanuna riayət edilməsini təmin etməli olan vəzifəli şəxsdir. Biz emosiyasız, müstəsna olaraq Fransanın qanunvericiliyi əsasında hərəkət etdik, dəqiqliklə qanunun pozulmuş maddələrinə vurğu etdik. Biz məhkəmə yolu ilə bu səfərin və səfər çərçivəsində separatçıların xeyrinə edilmiş bütün bəyanatların qeyri-qanuni elan edilməsini tələb etdik. Artıq bir ay keçməsinə baxmayaraq, heç bir cavab almamışıq.

– Sizcə, bu cür qeyri-dost hərəkətlərə necə reaksiya verilməlidir?

– Qanuna hörmət, qətiyyətlilik və konstruktivliklə. İlk növbədə, qeyd edildiyi kimi, hüquqi mexanizmlərdən istifadə edərək, qanuni yollarla reaksiya göstərilməlidir. Biz “qırmızı xətlərimizin” pozulmasına qətiyyətlə cavab verməliyik, lakin eyni zamanda, ölkəmizin Prezidentinin ifadə etdiyi kimi, olacağı təqdirdə, biz Fransa tərəfindən konstruktiv təkliflərə açıq olmalıyıq. Biz, həmçinin, xatırlamalıyıq ki, Fransada bizim müttəfiq və dostlarımız var, destruktiv respublikaçılar və düşmən erməni diasporu bütün Fransa deyil, onun kiçik bir hissəsidir.

– Fransa tərəfindən Azərbaycanla əməkdaşlığa, xüsusilə işğaldan azad edilmiş ərazilərdə bərpa layihələrində iştirak etməyə maraq varmı?

– Təəssüflə qeyd etmək istərdim ki, bugünkü Fransanın Azərbaycanla əməkdaşlıq üçün konstruktiv gündəliyi mövcud deyil. Onun siyasəti seçki kampaniyalarından və radikal yönümlü diasporun təzyiqindən asılıdır. Ölkəmizlə mədəniyyət və incəsənət, elm və təhsil, idman və gənclərin mübadiləsi sahələrində dialoqun və əməkdaşlığın inkişaf etdirilməsinə ciddi istək yoxdur. 2018-2021-ci illər arasında bu sahələrdə əməkdaşlıq üzrə çoxsaylı təkliflər vermişik, lakin heç bir cavab almamışıq. Ölkəmizi tanımaq və anlamaq istəyi yoxdur. Ən əsası, ölkəmizə və xalqımıza münasibətdə hörmətlə yanaşma yoxdur.

Analoji vəziyyət həm siyasi, həm də parlament sahəsində mövcuddur. Prezident Makron Ermənistana iki günlük səfər etdiyi halda ölkəmizə gəlmədi. Bu, 2007-ci ildən etibarən ilk belə hal oldu, çünki vaxtilə prezidentlər Nikola Sarkozi və Fransua Olland Azərbaycana səfər ediblər. Milli Assambleya və Senatdakı guya “dostluq qrupları” isə müharibə zamanı, ümumiyyətlə, yoxa çıxdı və indiyədək Milli Məclisdəki həmkarları ilə əlaqə yaratmayıblar. Onlar yalnız sözdə “dostluq qrupları”dır, 2017-ci ildən bəri xalqlarımız arasında yaxınlaşma, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, dialoq və əməkdaşlıq uğrunda heç bir addım atmayıblar. Əksinə, bəzi deputatlar istisna olmaqla, Azərbaycan əleyhinə olan bütün aksiyalarda iştirak edirlər. Reallıq budur və mən hesab edirəm ki, ictimaiyyət bunu bilməlidir.

Fransız şirkətlərinə gəlincə, onlardan bəziləri bərpa layihələrində iştirak etmək arzusu ifadə edib. Məsələyə obyektiv yanaşsaq, hesab edirəm ki, Fransa bərpa işlərinin bütün sektorlarına ən yüksək texnoloji səviyyədə böyük töhfə verə biləcək Avropa dövlətlərindən biridir. Lakin bir daha təkrar edirəm, dövlətlərarası münasibətlərin tanınmış prinsiplərinə riayət etmədən, tərəfdaşa hörmət etmədən ölkələr arasında əlaqə qurmaq olmaz.

– Bir müddət əvvəl Fransa arxivlərində Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) ilə bağlı sənədlərin Azərbaycana gətirilməsi məsələsi müzakirə olunurdu, bu istiqamətdə hər hansı yenilik varmı?

– Bu suala görə sizə öz minnətdarlığımı bildirirəm. Siz çox vacib məsələyə toxundunuz. 2019-cu ildən etibarən 1919-1920-ci illərdə Parisdə olan Azərbaycan Demokratik Respublikasının diplomatik missiyasının arxivini təşkil edən Topçubaşovun arxivinin Azərbaycana qaytarılması üzrə səylər göstəririk. Bu arxiv hərəsi 100-150 səhifəlik sənəd və fotoşəkillər olmaqla 40 qutudan ibarətdir. Bu unikal sənədlər xalqımızın 4 vacib dövrünü əhatə edir: 1905-1907-ci illər, yəni Əlimərdan bəy Topçubaşovun Rusiyanın Dövlət Dumasında müsəlman fraksiyasına başçılıq etdiyi dövrdə Rusiya imperiyasında müsəlman hərəkatının tarixi. İkincisi, bu sənədlər ADR-in 1918-1920-ci illərdəki siyasi tarixinin sənədləridir, o cümlədən 1918-ci ilin mart soyqırımı ilə bağlı fotoşəkillərdir. Üçüncüsü, bu, ADR-in diplomatik missiyasının 1919-1920-ci illərdəki fəaliyyəti ilə bağlı sənədlərdir. Nəhayət, bu arxiv 1920-1950-ci illərdə Azərbaycan emiqrasiyasının arxividir. Təəssüf ki, müxtəlif bəhanələrlə Fransa tərəfi bizimlə və bizim vəkillərlə arxivin geri qaytarılması məsələsində dialoqdan qaçır, hətta bizim alim və mütəxəssislərin bu arxivlərə çıxışını qadağan edir. Həmçinin, böyük qrup azərbaycanlı alim tərəfindən Fransa Prezidentinin adına ötən il ünvanlanmış müraciətə də cavab yoxdur.

– Hansı bəhanələrdən söhbət gedir? Fransa nəyin əsasında arxivin qaytarılmasından imtina edir?

– Arxivin yerləşdiyi Yüksək Sosial Araşdırmalar Məktəbinin nümayəndələri arxivin inventarlaşmadan keçməli olduğu ilə bağlı arqumentdən istifadə edir. Amma onlar bunu bizim mütəxəssislərin iştirak olmadan necə edəcək? Bu arxivin aparıcı kuratorunun erməni mənşəli Fransa vətəndaşı olduğunu nəzərə alaraq, mənim bu “inventarizasiyanın” nəticələri, arxivin təhlükəsizliyi və toxunulmazlığı ilə bağlı ciddi narahatlığım var. Xüsusi olaraq da 1918-ci ilin mart soyqırımını əks etdirən fotoşəkillərin toxunulmazlığı ilə əlaqədar narahatlığım mövcuddur.

Ya da onlar deyir ki, guya Topçubaşovun ailəsi bu arxivin Azərbaycana qaytarılmasına etiraz edirdi. Lakin bu, açıq-aşkar yalandır. Bizim Əlimərdan bəy Topçubaşovun oğlu Ələkbər bəyin 1969-cu ilin sentyabrında Parisdə işgüzar səfərdə olan Sovet Azərbaycanının nümayəndəsi ilə görüş keçirdiyini təsdiq edən arxiv sənədimiz var. Bu sənəd, həmçinin, Ələkbər bəyin atasının arxivinin Azərbaycana qaytarılması ilə bağlı təklif irəli sürdüyünü əks etdirir.

Azərbaycan alimlərinə arxivlə işləmələrinə imkan verilmir, arxiv, ümumiyyətlə, mütəxəssislər üçün bağlıdır. Ona görə mən hesab edirəm ki, bizim diplomatik missiyamızın arxivinin, xüsusilə də sənədlərin surətlərinin yox, onların əslinin vətənə geri qaytarılması Fransa ilə münasibətlərimizdə ən mühüm məsələlərdən biridir. Bu, yalnız diplomatiyamızın borcu yox, həmçinin, ictimaiyyətimizin də hədəfi olmalıdır. Bu, bizim tariximizin və mədəni irsimizin əhəmiyyətli parçasıdır və onu bu ölkədə saxlamaq olmaz, Azərbaycana geri qaytarmaq lazımdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button