İqtisadiyyat

Səfir rayonlarda həyata keçirilən layihələrin ərazisinə baxış keçirib

Yaponiyanın Azərbaycandakı Səfiri Vada Cuniçi Masallı, Saatlı və Sabirabad rayonlarına səfər edərək, 2021-ci ildə “Ot kökləri və İnsan Təhlükəsizliyi” Qrant Yardım Proqramı çərçivəsində həyata keçirilən 3 layihənin ərazinə baxış edib.

İstiqlal.az xəbər verir ki, bu, “Masallı rayonunun Qodman kəndində tibb məntəqəsinin inşası ” , “Saatlı rayonunun Əbil kəndində tibb məntəqəsinin inşası” və “ Sabirabad rayonunun Əlicanlı kəndində suvarma sisteminin bərpası” layihələridir.

Hər üç rayondakı kənd tibb məntəqələrinə və kəndin suvarma sisteminə baxışında Səfirlə bərabər rayonların İcra başçıları və layihəni icra etmiş təşkilatın nümayəndələri iştirak edib.

Bu layihənin icrasınadək, Qodman kənd icra nümayəndəliyinin 1980-ci ildə inşa olunmuş binasının bir otağından tibb məntəqəsi kimi istifadə olunurdu, lakin həmin binanın köhnəlmiş vəziyyətdə olması və su xətti çəkilmədiyi üçün həmin bina tibb məntəqəsi kimi istifadəyə yararsız vəziyyətdə idi. Bu problemin həll olunması məqsədi ilə Qodman kəndində yeni tibb məntəqəsinin inşası üçün Yaponiya Höküməti tərəfindən 55,000 ABŞ dolları ( təqribən 93,500 AZN) məbləğində yardım ayrılıb və həmin məntəqə 2021-ci ilin oktyabrından əhalinin istifadəsinə verilib. Bu günədək Masallı rayonunda Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən 4 qrant layihəsi icra olunub və bu layihələrin ümumi məbləği 341,590 ABŞ dollarıdır ( təqribən 580,700 AZN).

Saatlı rayonu Əbil kəndində 1956-cı ildə inşa olunmuş tibb məntəqəsi binası mövcud olsa da, bina qəzalı şəraitdə olduğu üçün və həmin binaya işıq, qaz, su xətləri çəkilmədiyi üçün, həmin binanın tibb məntəqəsi kimi istifadəsi qeyri-mümkün idi. Bu problemin həll olunması məqsədilə Əbil kəndində yeni tibb məntəqəsinin inşası üçün Yaponiya Höküməti tərəfindən 60,000 ABŞ dolları (Təqribən 102,000 AZN) məbləğində yardım ayrılmışdır və həmin məntəqə 2021-ci iliin oktyabrından əhalinin istifadəsinə verilib. Bu günədək Saatlı rayonunda Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən 8 qrant layihəsi icra olunmuşdur və bu layihələrin ümumi məbləği 734,037 ABŞ dollarıdır (təqribən 1,247,900 AZN).

Sabirabad rayonu Əlicanlı kəndi suvarma üçün 1985-ci ildə inşa olunmuş suvarma sistemindən istifadə edirdi, lakin həmin sistem istismar müddətini başa vurduğu üçün kənd əhalisinin ehtiyacına uyğun su miqdarını təmin edə bilmirdi, buna görə də su çatışmamazlığı səbəbindən əkinə yararlı torpağın xeyli bir hissəsindən əkin üçün istifadə olunmurdu. Bu problemin həll olunması məqsədilə Əlicanlı suvarma sisteminin bərpası üçün Yaponiya Höküməti tərəfindən 67,837 ABŞ dolları (təqribən 115,300 AZN) məbləğində yardım ayrılmışdır və həmin suvarma sistemi 2021-ci ilin oktyabrından əhalinin istifadəsinə verilmişdir. Bu günədək Sabirabad rayonunda Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən 5 qrant layihəsi icra olunmuşdur və bu layihələrin ümumi məbləği 451,450 ABŞ dollarıdır (təqribən 767,500 AZN) .

İndiyə qədər Yaponiyanın Azərbaycandakı Səfirliyi 268 yardım müqaviləsini imzalamış, həyata keçirilmiş yardımın ümumi məbləği təqribən 22,560,000 ABŞ dollarını ( təqribən 38,350,000 AZN) keçmişdir.

Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı qeyri kommersiya qurumlar vasitəsilə bilavasitə yerli əhalinin bəhrələnəcəyi qrant layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulan yardım proqramıdır. Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi bundan sonra da bölgələrdə müxtəlif sahələrdə yerli əhalinin ehtiyacına cavab verəcək yardımların icrasını davam etdirəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button