Siyasət

Səfir: “Qətər-Azərbaycan münasibətləri güclü dostluğa, birgə əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanır”

Qətər Dövlətinin Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib.

İstiqlal.az xəbər verir ki, hər iki ölkənin Dövlət Himni səsləndirildikdən sonra Səfir Feysal bin Abdullah Al Hinzab ölkəsinin keçdiyi inkişaf yolundan və əldə etdiyi uğurlarından danışıb.Qətərin regional və beynəlxalq səviyyədə inkişaf dinamikasına əsas töhfə verən ölkələrdən biri olduğunu deyən diplomat, dünyanın müxtəlif nöqtələrində inkişaf layihələrinə verdiyi dəstəklə, humanitar böhran və çətinliklərə verdiyi cavablarla Qətərin BMT-nin hədəflərini və əsas resurslarını dəstəkləyən sadiq tərəfdaşa çevrilditini vurğulayıb. Səfir deyib ki, Qətər-Azərbaycan münasibətləri ortaq sivil humanist dəyərlərə, güclü dostluğa, birgə əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanır, bu əlaqələr qarşılıqlı hörmət və etimadla daha da inkişaf edir. İki ölkənin rəhbərliyi xalqlarımızın rifahı üçün siyasi, iqtisadi, sosial sahələrdə əlaqələri daha da genişləndirməkdə maraqlıdır. Qətər bu əlaqələri inkişaf etdirərək, şirkətlər üçün ticari mübadilələri və investisiya imkanlarını təmin edərək Azərbaycanla əlaqələrin daha da inkişafına çalışır”.

Azərbaycan hökuməti adından Qətər xalqını bayram münasibətilə təbrik edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini və bu münasibətlərin dostluq və qarşılıqlı hörmətə əsaslandığını deyib:”Şübhəsiz ki, siyasi dialoqun yüksək səviyyəsini iki ölkənin liderlərinin siyasi iradəsi və müdrikliyi şərtləndirir. Hər iki lider ölkələrinin əməkdaşlığına xüsusi önəm verir. Bizim ölkələr beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir, hər zaman mühüm məsələlərin həllində bir-birini dəstəkləyir. Yüksək səviyyəli səfərlər zamanı əldə olunan razılaşmalar, imzalanan sənədlər münasibətlərin hüquqi bazasını formalaşdırıb. Ümumilikdə, iki ölkə arasında 40-a yaxın sənəd imzalanıb”.
Nazir deyib ki, Qətər Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd Bin Abdulrəhman Əl Taninin bu ilin oktyabrında Azərbaycana səfəri zamanı iki ölkənin hökumətləri arasında imzalanan yeni müqavilə Azərbaycan və Qətər münasibətlərindəki tendensiyanın parlaq nümunəsidir. Bu, iki ölkə arasında biznes və turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə kömək edəcək.
“Mən əminəm ki, Qətərin biznes dairəsi bu il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılışı olmuş Ələt Azad İqtisadi Zonasında reallaşdırılan layihələrdə iştirak etməkdə maraqlıdır” – deyən S.Babayev vurğulayıb ki, qətərli biznesmenlərə, bu ölkənin iş dünyasına və investorlara işğaldan azad olunmuş ərazilərə sərmayə qoymaq təklif edilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button