Gündəm

Səfir: “İttifaq Ərazisinə ayrılan 54 layihədən 20-si son iki ildə tamamlanıb”

“Qadınların, uşaqların və cəmiyyətin az təmin olunmuş hissələrinin sosial, iqtisadi və siyasi hüquqlarının qorunması, təşviqi üçün nəzərdə tutulmuş qanunlar da daxil olmaqla bütün Mərkəzi qanunlar genişləndirilərək İttifaq Ərazisində şəffaf, məsuliyyətli idarəetmənin təmin edilməsində əhəmiyyətli irəliləyiş əldə edilib”.

İstiqlal.az xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı Səfiri B. Vanlalvavna Cammu və Kəşmir İttifaq Ərazisində son iki ildə baş vermiş müsbət dəyişiklikləri şərh edərkən bildirib. Onun sözlərinə görə, bu müddət ərzində kənd ərazilərinin internet, eləcə də elektron dövlət xidmətləri ilə təminatı üçün 44 Rəqəmsal Kənd Mərkəzi yaradılıb. “Kəndə Qayıdış” adlı unikal proqram çərçivəsində 50 min ailə dövlət tərəfindən dəstəklənən “Sağlamlıq Sığortası Proqramı” ilə əhatə edilib, 4 600 kredit də daxil olmaqla qadın sahibkarlara ümumilikdə 15 mindən çox kredit verilib. Kəndlərdə infrastrukturun yaxşılaşdırılması üçün 20 mindən çox inkişaf işi birbaşa insanlar tərəfindən müəyyən edilib. İnteqrasiya edilmiş şikayətlərə baxma və monitorinq sisteminə 85 mindən çox şikayət daxil olub ki, bunların da 90 faizdən çoxu qənaətbəxş şəkildə həll edilib: “7,5 milyard ABŞ dolları həcmində sərmayə yatırımını nəzərdə tutan Baş Nazirin İnkişaf Paketi çərçivəsində təyin olunmuş 54 layihədən 20-si son iki ildə tamamlanıb, 13 layihənin 2021-ci ilin sonuna qədər tamamlanması, qalan layihələrin isə 2022-23-cü illərdək başa çatması gözlənilir. Bu layihələr sırasında  tikilməkdə olan Udhampur-Srinqara-Baramulla Dəmiryolu Bağlantısını və bu bağlantı üçün Çinab çayı üzərində inşa edilən dünyanın ən yüksək dəmir yolu körpüsünü misal göstərmək olar. 2024-25-ci illərədək elektrik enerjisi istehsal gücünə 3000 MVt əlavə edilməklə gələcək 3 il ərzində elektrik enerjisi istehsalı iki dəfə artırılacaq. 350 min benefisiar üçün yeni elektrik xətlərinin çəkilməsini də əhatə edən bu son yeniliklər nəticəsində, Cammu və Kəşmirdə 100 evin elektrikləşdirilməsinə nail olunub. Əlavə olaraq, 2022-ci ilin martınadək Cammu və Kəşmirdə 1,81 milyon kənd evinin hamısının su təminatı şəbəkəsinə qoşulması təmin ediləcək”.

Səfir Cammu və Kəşmirin pulsuz və ümumi sağlamlıq sığortası sisteminin İttifaq Ərazisində bütün sakinlərə şamil edildiyini deyib. Cammu və Kəşmir, əslində, Hindistan üzrə səhiyyə sektoruna ən yüksək büdcə təyinatlarından (5 faiz) birinə malikdir. Əlavə olaraq, Cammu və Kəşmirdə Ümumhindistan Tibb Elmləri İnstitutunun 2 filialı, 2 xərçəng institutu, sümük institutları daxil olmaqla yeddi yeni tibb kolleci və xəstəxanası, eləcə də  uşaq xəstəxanaları açılır. Cammu və Kəşmir  Hindistanda COVID-19 əleyhinə peyvəndləmə ilə əhatə olunan aparıcı ştatlardan/ittifaq ərazilərindən biridir. Səhiyyə işçilərinin 85 faizdən çoxu vaksinasiya olunub. İttifaq Ərazisində 20 bölgədən 9-da birinci dozanın (yaşı 45-dən çox olanlar üçün) vurulması 100 faiz səviyyəsində yerinə yetirilib.

Təhsil sektoruna gəldikdə isə, 20 mindən çox tələbəni əlavə imkanlarla təmin edəcək 50 yeni kollec təşkil olunur. Tibb sahəsində (MBBS) məzun olmaq üçün yerlər 500-dən 1100-ə artırılıb və İttifaq Ərazisində  Ümumhindistan Tibb Elmləri İnstitutunun 2 yeni filialı, 7 yeni tibb kolleci, tibb bacılarının hazırlanması üçün 5 yeni kollec və 2 xərçəng dövlət institutu yaradılıb.

Səfirin sözlərinə görə, Kənd Təsərrüfatı sektorunu inkişaf etdirmək üçün Hindistan Milli Kənd Təsərrüfatı Kooperativləri Marketinq Federasiyası Ltd. (NAFED) yaxın beş il ərzində yüksək sıxlıqlı alma, qoz, albalı və armud əkin sahələrinə təxminən 230 milyon ABŞ dolları dəyərində sərmayə yatıracaq. 67 milyon ABŞ dolları həcmində sərmayə qoyulmaqla üç soyuducu anbar klasteri də yaradılır. İdman infrastrukturunu inkişaf etdirmək üçün Baş Nazirin İnkişaf Paketi çərçivəsində 26 milyon ABŞ dolları ayrılıb, eləcə də Cammu və Srinaqarda iki “Khelo Hindistan” Mükəmməllik Mərkəzi yaradılır.

Əlavə edib ki, ot kökləri demokratiyasını gücləndirmək məqsədilə 2020-ci ilin oktyabr-noyabr aylarında Bölgə İnkişaf Şurasına keçirilən seçkilərdə 51,7 faiz seçici fəallığı qeydə alınıb. Bir müddət öncə Cammu və Kəşmirin tarixində ilk dəfə olaraq, 2019-cu ilin oktyabrında Blok İnkişaf Şuralarına (BİŞ) seçkilər baş tutub ki, burada 98,3 faiz seçici fəallığı müşahidə olunub. İlk dəfə olaraq qadınlar əsas siyasətə gəlməyə imkan verən hüquqdan faydalanıb.

Sənaye artımını təşviq etmək üçün İttifaq Ərazisində qurulan bütün yeni sənaye obyektlərini və əhəmiyyətli genişlənmə işləri aparan mövcud obyektləri təşviq etmək məqsədilə 2021-30-cu illər üçün Cammu və Kəşmir Sənaye İnkişaf Siyasətinə qeydlər edilib. İşsiz mühəndislər üçün təlimlər təşkil etmək məqsədilə Cammu və Baramulla şəhərlərində Hökumət və “Tata Technologies” şirkəti arasında birgə müəssisə kimi “İxtiralar, İnnovasiya, İnkubasiya və Təlim Mərkəz”ləri yaradılıb. Yaxın gələcəkdə hər biri Cammu və Srinaqarda olmaqla iki IT parkı da yaradılacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button