Siyasət

Səfir: “Azərbaycan regionda Qazaxıstan üçün birinci tərəfdaş olaraq qalır”

Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü və Müstəqilliyinin 30 illiyi münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, Səfir Serjan Abdıkarimov əvvəlcə helikopter qəzasında həlak olanlarla bağlı Azərbaycan xalqına başsağlığı verib. Çıxışına davam edən Səfir, son 30 ildə Qazaxıstanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurundan danışıb.

S.Abdıkarimov deyib ki, ölkəsi üçün Azərbaycan regionda birinci tərəfdaş olaraq qalır və hər iki ölkə arasında strateji münasibətlər getdikcə dərinləşir. Əlavə edib ki, yeni geosiyasi reallıq, Qarabağın dinamik dirçəlişi, nəqliyyat kommunikasiyalarının açılması və yeni iqtisadi imkanlar Azərbaycanın regional lider kimi daha da çiçəklənməsinə və güclənməsinə yol açır. Diplomat vurğulayıb ki, Qarabağda vəziyyətin sabitləşməsi Cənubi Qafqazda sabitliyə şərait yaradır, Zəngəzur dəhlizinin yaradılması Naxçıvan vasitəsilə Azərbaycanla Türkiyə arasında, daha sonra isə Avropa ilə əlaqələrini gücləndirəcək. Bu, ölkələmizin Xəzər liman infrastrukturunun artan potensialı üçün yeni imkanlar açır.

Qazaxıstan xalqını bayram münasibətilə təbrik edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstanın son 30 ildə böyük uğurlar əldə etdiyini vurğulayıb. Nazir əlavə edib ki, hər iki dost ölkə dost, qardaş olmaqla yanaşı, həmçinin, strateji tərəfdaşdırlar. Onun sözlərinə görə, Azərbaycanla Qazaxıstan arasında münasibətlərin inkişafı regional sabitliyə yeni töhfələr verəcək.

Çıxışlardan sonra tədbir bədi hissə ilə davam edib, Bakı məktəblilərinin ifasında qazax milli rəqsləri təqdim edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button