İqtisadiyyat

Rusiyadan pul köçürmələrinin azalması Azərbaycana cüzi təsir göstərəcək – ekspert

Rusiyadan Azərbaycana pul köçürmələrinin azalması ölkəmizin makroiqtisadi göstəricilərinə cüzi təsir göstərəcək.

Bunu Trend-ə “Cənubi Qafqaz” politologiya klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın ümumi daxili məhsulunda pul köçürmələri göstəricisi çox az paya malikdir və bunun makroiqtisadi göstəricilərə təsiri minimal olacaq.

“Rəsmi məlumatlara əsasən, Rusiyada 650 minədək azərbaycanlı yaşayır. Onların 2-3 il ərzində Azərbaycana köçürdüyü məbləğ 500 milyon dollardan 1 milyard dollaradək təşkil edib. 2020-ci ilə olan vəziyyətə görə bu göstərici 450 milyon dollara bərabər olub”, – deyə o bildirib.

Ekspert xatırladıb ki, Rusiya artıq fiziki şəxslərə bir nəfər üçün xaricə pul köçürmələri limitini beş min dollar həddində təyin edib.

“Bu onu göstərir ki, köçürmələrin həcmi əhəmiyyətli dərəcədə azalacaq. Həm də Rusiyada ödəmə qabiliyyətliliyi azalacaq. Rusiyaya tətbiq olunan sanksiyalar müəyyən məqsədlər güdür. Xarici kapitalın olduğu sahələrdə iş yerlərinin azalması, ümumi daxili məhsulun yeddi faiz azalması gözlənilir. Bütün bunlar isə daxili bazar subyektlərinin xarici tərəfdaşlarla qarşılıqlı fəaliyyətini məhdudlaşdıracaq”, – İ.Vəlizadə deyib.

O əlavə edib ki, Rusiyadan pul köçürmələrinin azalmasından bu ölkədə əhəmiyyətli sayda əmək miqrantlarına malik ölkələr – Özbəkistan, Tacikistan, Qırğızıstan və Ermənistan daha çox əziyyət çəkəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button