İqtisadiyyat

Rusiya staqflyasiya ilə üzləşə bilər

Danimarkanın “Saxo Bank” investisiya təşkilatı 2021-ci ilin IV rübü üçün qlobal bazarlara dair proqnozunu açıqlayıb. Analitiklər Rusiyada artan inflyasiya və iqtisadi yavaşlamanı xüsusilə qeyd ediblər. Bank xəbərdarlıq edir ki, Rusiya təhlükəli şəkildə bir növ staqflyasiyaya yaxındır.
“APA-Economics”in “Kommersant”a istinadən verdiyi məlumata görə, bu barədə “Saxo Bank”ın hesabatında deyilir.
Xatırladaq ki, iyul ayında Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina “Financial Times”a artan daxili inflyasiya təzyiqlərinin uzunmüddətli olacağını bildirmişdi. Sentyabrın sonunda Rusiyada istehlak qiymətləri indeksi illik ifadədə 7,3%-ə yüksəlib. Bu, Mərkəzi Bankın proqnozlaşdırdığı 5,7-6,2% diapazonundan yüksəkdir.
“Saxo Bank”ın hesablamalarına görə, bu il inflyasiya baxımından Rusiya artıq Türkiyə (19,3%) və Braziliyadan (9,7%) sonra dünyada üçüncü yerdədir.
Danimarkalı analitiklər bu artımı dörd faktorla əlaqələndirirlər: iqtisadiyyatın bərpası; təchizatdakı maneələr və zəif logistika; xammal və enerji mənbələrinin qiymətlərinin artması; Rusiyada parlament seçkiləri ərəfəsində hökumətin qəbul etdiyi əlavə sosial ödənişlər.
“Saxo Bank” dünyanın bir çox hissəsinin hələ də koronavirusla mübarizə apardığını vurğulayır. Buna görə də, pandemiyanın səbəb olduğu iqtisadi böhranların çoxlarının gözlədiyindən daha uzun müddət davam edəcəyi ehtimal olunur. Rusiya üçün bu, “inflyasiyanın pik həddi hələ qabaqdadır, önümüzdəki aylarda inflyasiya 8%-ə yaxın qala bilər və sonra bir qədər enə bilər” anlamına gəlir.
Ekspertlərin fikrincə, makroiqtisadi mənzərə tutqun olaraq qalır: “30 sentyabr tarixinə Rusiya əhalisinin yalnız 29,1%-i tam peyvənd olunub. Bu, əksər qonşu ölkələrlə müqayisədə xeyli azdır. Belə ki, Qazaxıstanda bu göstərici 35,1%, Monqolustanda 66%, Finlandiyada isə 62,1% təşkil edir. Rusiyada vaksinasiyanın inkişafı dayanıb”.
Hesabatda həmçinin Rusiyada sənaye istehsalının sürətlə yavaşladığı bildirilir – avqustda azalma 4,3% təşkil edib, sentyabrda bu göstərici bir qədər də yüksək ola bilər. Eyni zamanda, bank istehlakın daha yüksək inflyasiyadan əziyyət çəkəcəyini istisna etmir.
“Önümüzdəki aylarda daxili tələbatın iqtisadi canlanmaya daha az töhfə verəcəyini gözləyirik. Ən yoxsul təbəqəni dəstəkləmək və infrastruktura sərmayə qoymaq üçün büdcə xərclərinin artırılması vəziyyətin dəyişdirilməsinə kömək edə bilər. Lakin heç də asan olmayacaq. Rusiya təhlükəli şəkildə bir növ staqflyasiyaya yaxındır”, – deyə Danimarka bankının analitikləri bildirib.
Xatırladaq ki, staqflyasiya iqtisadi tənəzzülün və inflyasiyanın eyni anda baş verməsi halını ifadə edir. Bu zaman iqtisadi inkişaf yavaşlamağa, işsizlik səviyyəsi isə yüksəlməyə başlayır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button