Mədəniyyət

Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)

Bakı. Cani Babayeva – Trend:
Bakıda “Gənc teatr prodüserləri üçün laboratoriya” işə başlayıb.
Trend-in məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi tərəfindən Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə təşkil edilib.
Layihənin əsas məqsədi Azərbaycanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində potensialı olan gənc kadrların aşkarlanması, onların bilik və bacarıqlarının artırılmasıdır.
Bu laboratoriya Nazirliyin strateji hədəflərə istiqamətlənmiş silsilə layihələrinin tərkib hissəsidir.
Laboratoriya oktyabrın 25-dən 29-dək “YARAT” müasir incəsənət məkanında keçiriləcək. Burada teatr təhsili sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan QİTİS-in müasir teatr menecmenti və prodüserlik üzrə zəngin təcrübəyə malik pedaqoqları Elşən Məmmədov, Aleksandra Knyazeva və Elena Simurzina ustad dərsi verəcəklər.

Tədbirin açılışında çıxış edən YARAT-ın Mədəni proqramlar departamentinin rəhbəri Ülviyyə Axundova bildirib ki, bu laboratoriya bütün iştirakçılar üçün vacib və əlamətdar hadisə olacaq: “Pandemiyanın səbəb olduğu karantin tədbirləri ilə əlaqədar iki ilə yaxın məkanımızda bu cür irimiqyaslı teatr layihələri keçirilməyib. Bu, bizim üçün böyük bayramdır”.
Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalovanın sözlərinə görə, “Gənc teatr prodüserləri üçün laboratoriya”nın keçirilməsi teatr sahəsinin inkişafında vacib addımdır: “Teatrın idarə olunması, teatr menecmenti, prodüser işi kimi istiqamətlərdə inkişafı bizim üçün vacib əhəmiyyət daşıyır. Bu laboratoriya təkcə tədris mərkəzi deyil, həm də təcrübə qazanma, fikir mübadiləsi və dostluq əlaqələrinin qurulması mərkəzinə çevriləcək. Laboratoriyanın işinin daha geniş tərkibdə davam etdirilməsini planlaşdırırıq”.
Qeyd edək ki, “Gənc teatr prodüserləri üçün laboratoriya”sında dərslər hərəsində 10 nəfər iştirakçı olmaqla 3 qrupda keçiriləcək. Hər qrup teatr üzrə layihə üzərində işləyəcək. Ustad dərslərinin sonunda hazırlanan layihələr iştirakçılar tərəfindən müdafiəyə təqdim ediləcək
(Tərcümə: Orxan Nəbiyev)

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button