Cəmiyyət

Reza Deqatinin Fransada “İnsan və Təbiət arasında dialoq” adlı sərgisi keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Fransanın Roşeşuar şəhərində Azərbaycan əsilli tanınmış fotojurnalist Reza Deqatinin açıq səma altında “İnsan və Təbiət arasında dialoq” (Dialoque between Human&Nature) adlı sərgisi təşkil edilib.
Bu barədə “Report”a komitədən məlumat verilib.
17 iyun – 10 oktyabr 2021-ci il tarixlərində nümayiş olunan sərginin əsas məqsədi insan və təbiət arasındakı əlaqəyə diqqəti cəlb etməkdir. Fransa mediasının filantrop, idealist, kimi təqdim etdiyi, müxtəlif ölkələrdə müharibə xaosunun və onun ağır nəticələrinin şahidi olan Reza Deqatinin sərgidə nümayiş olunan fotolarında münaqişələr zamanı ağlasığmaz müsibətlərlə üzləşən insanların mübarizəsi əks olunur. Fotoqraf kütləvi iğtişaşlar və münaqişələr zamanı insanların sarsıntılarından danışmaqla yanaşı, onların mənsub olduqları ölkələrin mədəniyyətindən, tarixindən, ənənələrindən, eləcə də daha yaxşı dünyanın qurulacağına bəslədikləri sonsuz ümidlərindən danışır. Xüsusi həssaslıqla çəkilmiş bu fotolarda həyat həmişə qalib gəlir.
“Bir gün biz dünyaya gözümüzü açdıq. Dünyanın kədərini gördük və onun gözəlliyini sevdik”, – deyə Reza Deqati sərgi iştirakçılarına bildirib.
Qeyd edək ki, 1983-cü ildən fotoqraf peşəsi ilə məşğul olmağa başlayan Reza Deqatinin əsərləri “National Geographic”, “Time Magazine”, “Stern”, “Newsweek”, “El País” və digər nəşrlərdə dərc olunur. Onun I və II Qarabağ savaşları zamanı çəkdiyi fotolarda erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər əks olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button