ManşetSiyasət

Ramiz Mehdiyev istefa verdi – rəsmi

Yığıncaqda AMEA prezidenti, akademik Ramiz Mehdiyev çıxış edib. O, qeyd edib ki, Rəyasət Heyətinin fevral ayının 14-də baş tutan iclasında yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirib.

“Məlum edirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət məktubu göndərərək uzun illər dövlət başçımızın rəhbərliyi ilə Administrasiyanın rəhbəri işlədiyim dövrdə və Akademiyanın prezidenti kimi fəaliyyətimdə mənə göstərdiyi yüksək etimada, diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirmişəm” – deyə, Mehdiyev qeyd edib.

Ramiz Mehdiyev istefasından sonra nə işlə məşğul olacağını da qeyd edib: “Mən bundan sonrakı həyatımı, bilik və təcrübəmi də Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin daha da inkişaf edib möhkəmləndirilməsinə, habelə elmi fəaliyyətə həsr edəcəyəm”.

Ramiz Mehdiyev çıxışında Akademiyanın dövlətimizin qüdrətinin artırılmasında daha fəal və yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirib: “Ulu öndər Heydər Əliyevin vaxtında bəyan etdiyi kimi, Akademiyanı qoruyub saxlamaq və daha da inkişaf etdirmək lazımdır”.

Mehdiyev çıxışının sonunda iki il dörd ay ərzində onunla birlikdə çalışmış Rəyasət Heyəti üzvlərinə, elmi-tədqiqat institutlarının kollektivlərinə, aparatın əməkdaşlarına təşəkkür edib.

Daha sonra Nizamnaməyə uyğun olaraq akademik Ramiz Mehdiyevin Akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq Ramiz Mehdiyevin müraciəti qəbul olunub.

Qərar qəbul edildikdən sonra AMEA Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.

AMEA-nı tərk edən Ramiz Mehdiyev isə jurnalistlərin suallarını cavablandırmayıb və xidməti avtomobilə minərək oradan uzaqlaşıb.

Həmin görüntüləri təqdim edirik:

***

AMEA prezidentinin səlahiyyətləri Birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub. Bu barədə AMEA-nın Ümumi yığıncağında qərar qəbul olunub.

AMEA-nın növbəti Ümumi yığıncağında prezident seçiləcək.

Bununla bağlı akademik Nizami Cəfərov məlumat verib.O bildirib ki, növbəti iclasın tarixi və namizədlərin kimliyi hələ bəlli deyil: “Ramiz müəllim istefa verdi. Əsas məsələ Akademiyanın taleyidir. Məqsədimiz odur ki, Akademiya fəaliyyətini davam etdirsin”.

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilir “Report”un xəbərinə görə, toplantının gündəliyinə 1 məsələ daxil edilib.

Toplantıda AMEA prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Məmməd oğlu Həşimova həvalə olunması məsələsi müzakirə olunur.

AMEA-nın prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyev də yığıncaqda iştirak edir.

Oxu.Az-ın məlumatına görə, akademik Nizami Cəfərov jurnalistlərin iclasda namizədlərdən kimin seçiləcəyinə dair sualına cavab olaraq bildirib ki, bu, hələ məlum deyil, iclasdan sonra məlumat veriləcək.

Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button