Cəmiyyət

“Rafael Cəbrayılovun mənə 300 min manat borcu qalıb” – Şahid

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda uzun müddətdir məhkəməyə gəlməkdən yayınan zərərçəkmiş Təranə Fətəliyeva dindirilib.

Məhkəməyə məcburi qaydada gətirilən şahidin sözlərinə görə, mərhum deputat Rafael Cəbrayılov ilə qohum olduqları üçün ona borc verib: “Rafaellə qohumluq əlaqələrimiz olduğu üçün deputat seçkilərində də bütün nəsilimizlə bir yerdə iştirak edirdik. Mənə dedi ki, bina tikmək istəyirəm, kömək etsəniz, yaxşı olar. Bütün qohumlar da yığılıb kömək etdik. Hazırda mənə 300 min borcu qalıb”.

Vəkil Kamandar Nəsibov şahiddən təqsirləndirilən mərhumun qardaşı Elşən Cəbrayılovun bu işlərdə rolu barədə soruşub.

Şahid isə Elşən Cəbrayılovun yalan danışdığını bildirərək onun da işlərdə iştirakını təsdiq edib. Şahid deyib ki, Elşən Cəbrayılovdan 100 min manata ev alıb. Vəkillərin əlavə sualları olduğu üçün şahid növbəti iclasda ifadəsini davam etdirəcək.

Proses mayın 12-də davam etdiriləcək.

Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib. İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. R. Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button