İdman

Qurban Qurbanov: “Qələbə mənim üçün ən yaxşı hədiyyədir”

“Layiqli qələbə oldu. Futbolçularım çox yaxşı hazırlaşmışdı. İlk dəqiqələrdən hiss olundu ki, hamısında yüksək konsentrasiya var idi. Futbolçularımı təbrik edirəm. Bu cür qalibiyyətlər il ərzində nadir hallarda olur. O da bu günə düşdü. Futbolda belə məğlubiyyətlərdən qaçmaq mümkün deyil. Vacib qələbə əldə etdik. Rəqibə uğurlar arzu edirəm. Bu komanda ilə səfər matçlarımız ağır ola bilər”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Şamaxı”ya 8:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIII tur oyunundan sonra deyib.

50 yaşlı mütəxəssis bütün matçlara eyni ciddiyətlə yanaşdıqlarını bildirib: “Oyunçularımı hər matça daha yaxşı hazırlamaq istəyirəm. Onların ustalıq səviyyəsinin yaxşılaşması üçün əlimizdən gələni edirik. Qarşıdakı hər bir matç bizim üçün vacibdir”.

Qurbanovun sözlərinə görə, hər bir qələbə onun üçün ən yaxşı hədiyyədir: “Açığı, deyən olmadı ki, bu qələbə sizin üçün hədiyyədir. Amma istənilən halda sağ olsunlar”.

Baş məşqçi bu gün het-trik edən İbrahima Vadji ilə bir neçə klubun maraqlandığını etiraf edib: “Bəli, belə bir şey var idi. Amma Vadji bizim vacib oyunçularımızdan biridir. Özünəməxsus keyfiyyətləri var. Bu gün onları nümayiş etdirdi. Çalışıram ki, hər oyunçu şans qazansın. Vadji əvvəllər start heyətində oynayırdı. Sonra Ramil Şeydayevə şans verdik. Qarşıdakı matçlarda bu cür dəyişikliklər edəcəyik”.

Bu yaxınlarda “Şöhrət” ordeni ilə təltif edilən təcrübəli mütəxəssis bu cür mükafatların işinə məsuliyyətini daha da artırdığını söyləyib: “Bu, mənim karyeram, işim üçün çox vacibdir. Bu cür diqqəti, dəyəri görəndə daha yaxşı işgüzar olmağa çalışıram. “Şöhrət” ordeni karyeramın ən dəyərli hədiyyəsidir. Bir daha cənab Prezidentə təşəkkür edirəm. İdmançılarla görüşəndə maraqlı dialoqları olur. Elə uğurları, maraqlı faktları yada salır ki, bu da ölkə başçısının bütün idman növləri, xüsusilə futbolla yaxından maraqlandığını göstərir. Açığı, xəbərim yox idi. Bu, mənim üçün böyük motivasiya, çox dəyərli hədiyyə oldu”.

Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qəbələ”yə qarşı keçirəcəkləri oyunlara da toxunub: “Hər zaman ölkə kubokunu fərqləndirmişəm. Bu, tamam başqa turnirdir. Mərhələ 2 oyundan ibarətdir. İstənilən komanda bu şansdan istifadə etməyə çalışır. Hər il qarşımıza həm çempionatda, həm də kubokda yüksək nəticələr qoyuruq. Bu il də istisna deyil. Maksimum dərəcədə ciddi hazırlaşacağıq ki, yaxşı nəticə əldə edək”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button