Siyasət

Qüdrət Həsənquliyev: “Kənardan kömək gözləmədən Ermənistana təzyiqləri artırmalıyıq” 

Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik: 

– Qüdrət bəy, Türkiyədə Türk Dövlətləri Təşkilatının yaranması və perspektivi barədə fikirlərinizi bilmək maraqlı olardı.

– Bu, türk dövlətlərinin böyük uğurudur və Avrasiya məkanında yeni geosiyasi reallığın yaranmasıdır. TDT-nin Rusiya və Çinlə qonşu olması böyük bir coğrafiyada əməkdaşlıq üçün yeni imkanlar yaradır. Çox məmnunam ki, bu işdə Azərbaycanın və onun Prezidentinin böyük rolu var. Məhz görülən işlərin, verilən töhfənin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinə türk dövlət və hökumət başçılarının imzası ilə – adətən orden və medallar bir dövlətin başçısının sərəncamı ilə verilir – Türk Dünyasının Ali Ordeni verildi və o, bu ordenin ilk laureatı oldu. Bu münasibətlə həm Prezidenti, həm xalqımızı təbrik edirəm. Təşkilatın elan olunduğu günə qədər böyük yol keçilmişdir. Fərəhləndirici hal ondan ibarətdir ki, heç bir türk dövləti kənarda qalmamışdır. Türk dövlətlərinin inteqrasiyası onların təhlükəsizliyinə, iqtisadi inkişafına, mədəni yüksəlişinə ciddi təkan verəcək. Birliyimiz regionda sülhə və əmin-amanlığa, inkişafa və rifaha öz müsbət təsirini göstərəcək.

– Çoxları 10 noyabr ərəfəsində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı və yeni bir sənədin imzalanacağını gözləyirdi. Amma siz əminliklə və təəssüf hissi ilə bunun baş tutmayacağını söyləyirdiniz. Bu görüş niyə baş tutmadı? 

– Çünki heç kim, hətta 10 noyabr tarixli üçtərəfli sazişin icrasına görə məsuliyyət daşıyan, bölgəyə sülhməramlı qüvvə göndərmiş Rusiya belə Ermənistana bununla bağlı təzyiq etmir. Ermənistan 2-ci Qarabağ savaşına qədər olduğu kimi danışıqları uzadır, nələrinsə dəyişəcəyinə ümid bağlayır. Əminliklə deyirəm ki, ona belə ümidlər də verirlər. Bunları görməmək mümkün deyil. Ona görə bunun baş tutmayacağını söyləyirdim. Azərbaycan kənardan kömək və möcüzə, o cümlədən, erməni liderlərin nə vaxtsa müdrikləşəcəyini gözləmədən Ermənistana təzyiqləri artırmalıdır. Düşünürəm ki, hökumət bunun yollarını bilir. Bu istiqamətdə Türkiyə və Azərbaycan Rusiya ilə diplomatik işi gücləndirməli, Rusiyanın müttəfiqləri və ona təsir imkanları olan türk və müsəlman dövlətlərindən, Belarusun imkanlarından faydalanmalıdır. Həmçinin Qərblə danışmaq lazımdır ki, ermənilərə yazıqları gəlsin və ondan alət kimi istifadəyə son qoysunlar, Ermənistanı ağıllı siyasətə və sülhə çağırsınlar.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button