Dünya

Qlazqoda BMT-nin 26-cı İqlim Konfransı işə başlayıb

Şotlandiyanın ən böyük şəhəri olan Qlazqoda dünyanın 100-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Konfransı öz işinə başlayıb.
“Report” xəbər verir ki, tədbiri konfransın sədri və Böyük Britaniya Nazirlər Kabinetinin üzvü Alok Şarma və konvensiyanın icraçı katibi, Meksikanın keçmiş xarici işlər naziri Patrisiya Espinosa açıblar.
Mərasimdə BMT-nin əvvəlki 25-ci İqlim Konfransının təşkilat komitəsinin rəhbəri Karolin Şmidt, BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şəhid, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin rəhbəri Hyoson Li də iştirak edir.
Ümumilikdə, 196 ölkədən 25 mindən çox insan, o cümlədən siyasətçilər, jurnalistlər, qeyri-kommersiya təşkilatları və biznes nümayəndələri Qlazqoya toplaşıb.
Tədbirdə təhlükəsizliyi 10 min polis əməkdaşı qoruyur.
Konfransın əsas işi sabah dünya liderlərinin iki gün davam edəcək sammiti ilə başlayacaq.
11:07
Bu gün Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransı işə başlayır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə 200-ə yaxın ölkədən 25 min nümayəndə iştirak edəcək.
Tədbirin gündəliyinin əsasını qlobal emissiyaların erkən azaldılması, qalıq yanacaqların ləğvi və iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi təşkil edir.
Noyabrın 12-dək davam edəcək sammitdə insan fəaliyyəti nəticəsində bəşəriyyət üçün ən böyük təhlükəyə çevrilən iqlim böhranı ilə mübarizə üçün yeni öhdəliklərin elan ediləcəyi gözlənilir.
Konfrans qlobal temperaturun 1,5 dərəcəyə qədər yüksəlməsini məhdudlaşdırmaq üçün daha çox fəaliyyətə çağırışların artması fonunda keçirilir.
Qlazqo sammitinin gündəmindəki ən mühüm məsələlərdən biri tullantıların qısa zamanda azaldılması istiqamətində atılacaq addımlar olacaq.
Sammitdə Hindistan, Avstraliya, Səudiyyə Ərəbistanı, Rusiya və Türkiyə də daxil olmaqla bir neçə ölkənin iqlim dəyişikliyinə öz milli töhfələri haqqında yeni məlumatlar təqdim edəcəyi gözlənilir.
Tərəflərin mədən yanacaqlarının mərhələli şəkildə dayandırılması üçün yol xəritələrini açıqlamaları gözlənilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button