İdman

“Qızıl medal olsaydı super, daha gözəl olardı”

“Böyük inamla gəlib finala çatdıq. Söz verdik ki, qızıl olacaq. Təəssüflər olsun ki, belə alındı”. 
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.
Tokio-2020 Yay Olimpiya Oyunlarından dönən karate yığmamız az əvvəl Bakıya çatıb. Nümayəndə heyətinin tərkibində olan qurum başçısı qarşılanma mərasimində jurnalistlərə açıqlamasında millinin çıxışını dəyərləndirib: “Bu idmandır, bilmək olmur. Yalnız bizdən asılı deyil, hakimlərdən, ətrafda olan mühitdən də, bəxtdən də asılıdır. Onu deyim ki, Türkiyənin bir nömrəli idmançılarından Uğur Aktaş 3-cü oldu, 55 kq çəkidə favorit olan Serap Özçelik yer tuta bilmədi. İrina Zaretska məğlub etdiyi yapon Ayumi Uekusa dünya çempionu idi, ağır çəkidə 1 nömrə idi. Yer tuta bilmədi. Digər yaponiyalı Ryutaro Araqa özü 3-cü yeri güclə tutdu. Təsəlli vermirəm. Demək istəyirəm ki, hər bir azərbaycanlı fəxr edə, çox sevinə bilər ki, 200-dən çox ölkə arasında 2 finala çıxdıq. Kumitedə cəmi 6 final var idi. Onun ikisində Azərbaycan iştirak etdi. Bunda da birinci olduq. Amma qızıl medal olsaydı super, daha gözəl olardı. Bu tarixdir. Çünki karate ilk dəfədir Olimpiya proqramına daxil edilmişdi. Mütləq o qızılı götürməli idik. Amma fərqli də ola bilərdi. Təsəvvür edin ki, üçqat dünya çempionu Hacı Əliyev kimi idmançı da çox istəyirdi qızıl qazansın. Onu da təbrik edirik. Bu gün belə alındı. Başqa cür də ola bilərdi. Ya hamısı qızıl olardı, ya heç o da olmazdı. Sağ olsun idmançılarımız”.
Qeyd edək ki, millimiz üç idmançı ilə qatıldığı Olimpiadada iki gümüş medal qazanıb. Rafael Ağayev 75 kq, İrina Zaretska +61 kq çəkidə finalda uduzaraq ikinci olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button