Cəmiyyət

Qida təhlükəsizliyi sahəsində böhran vəziyyətlərinin idarə edilməsi qaydaları açıqlanıb

Qida təhlükəsizliyi sahəsində böhran vəziyyətlərinin idarə edilməsi qaydaları açıqlanıb.
“Report”un əldə etdiyi məlumata görə, bu, yeni hazırlanan “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ilkin variantında əksini tapıb.
Layihəyə əsasən, yerli və idxal olunmuş qida və yem məhsulları insan sağlamlığı və həyatı, heyvan sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə yaratdıqda və həmin təhlükənin geniş yayılma riski olduqda bu hal böhran vəziyyəti hesab edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən böhran vəziyyəti elan ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən böhran vəziyyətinin idarə edilməsi məqsədilə qabaqlayıcı, məhdudlaşdırıcı və qadağanedici tədbirlər həyata keçiriləcək.
Qida və yem məhsulları ilə bağlı böhran vəziyyəti yarandıqda müvafiq dövlət orqanları, bələdiyyələr, qida biznesi subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) bu barədə dərhal məlumatlandırmalıdırlar.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aidiyyəti dövlət orqanlarının və qurumlarının iştirakı ilə böhran vəziyyətinin idarə edilməsinə dair plan hazırlamalı və aparılmış sınaq təcrübələri əsasında onu yeniləməlidir. Planda qida və yem məhsulunun insan həyatı və sağlamlığı, heyvan sağlamlığı və ətraf mühit üçün yaratdığı təhlükə riskinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üçün görüləcək tədbirlər və həmin tədbirlərə cavabdeh subyektlər əhatə olunmalıdır.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qida və yem məhsullarının yaratdığı təhlükənin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması ilə bağlı gördüyü tədbirlər səmərə vermədikdə həmin riskin mənbəyi olan məhsulların ilkin istehsalı, emalı və dövriyyəsinin məhdudlaşdırılması, qadağan edilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edə bilər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida çirklənməsi və epidemiya üzrə erkən xəbərdarlıq sistemləri yaradılmalıdır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button